Yaxın qohumlar arasında nikah qadağan edildi - Hüquqşünas alqışladı

İyulun 1-dən Azərbaycanda yaxın qohumlar arasında nikahın bağlanması ilə bağlı qanunvericiliyə mühüm dəyişiklik qüvvəyə minib. Yeni qanuna əsasən, əmi, dayı, xala və bibi uşaqları arasında evlilik rəsmən qadağan edilir. Bu dəyişiklik ailə institunun qorunması və genetik risklərin qarşısının alınması məqsədi daşıyır. Qanun ekspertlər və hüquqşünaslar tərəfindən müsbət dəyərləndirilir.
Mövzu ilə bağlı Vəkil Arslan Mikayılov Crossmedia.az-a açıqlama verib.
O, cəmiyyətdə müzakirələrə səbəb olan və vətəndaş hüquqlarının məhdudlaşdırılması ilə bağlı narahatlıqlar doğuran bir qanun layihəsindən danışıb: "Bu məsələ olduqca aktualdır. Həmin qanun layihəsi qəbul olunmazdan əvvəl də cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu və birmənalı qarşılanmadı. Bir tərəfdən bu qanunu vətəndaş hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirənlər oldu. Digər tərəfdən isə bəzi insanlar onu rəğbətlə qarşıladılar. Amma hər bir halda hüquqşünas olaraq qeyd edə bilərəm ki, hər bir qanun qəbul olunmazdan əvvəl onun zəruriliyi qiymətləndirilir. Yəni, bu qanunun qəbul olunması da məhz zərurətdən irəli gəlib".
Vəkil bildirib ki, qanunvericilikdə qohumlar arasında, xüsusən də yaxın qohumlar arasında nikahın bağlanması qadağan edilib: "Ümumiyyətlə, bundan öncə də qanunvericiliyimizdə qohumlar arasında nikahın qeydə alınmasını qadağan edən müddəalar mövcud idi. Məsələn, bacı-qardaş, ögey bacı-qardaş, övladlığa götürülən şəxslər və s. arasında nikahın bağlanması qanunla qadağan edilmişdi".
O, əlavə edib ki, sonuncu dəyişiklik isə bu siyahını daha da genişləndirdi: "Artıq əmi qızı–əmi oğlu, xala qızı–xala oğlu və digər yaxın qohumlar arasında da nikahın bağlanması qanunla qadağan olundu.
Bu dəyişiklik qəbul olunmazdan əvvəl Milli Məclisdə də geniş müzakirələrə səbəb oldu. Bir sıra deputatlar qanun layihəsinə tənqidi yanaşsalar da, əksər deputatlar onun məqsədəuyğun olduğunu bildirdilər".
Vəkil bildirib ki, qohum nigahlarının tibbi cəhətdən də çox zərəri var: "Bildiyiniz kimi, bu məsələnin tibbi tərəfi də var. Tibbi araşdırmalar sübut edir ki, yaxın qohumlar arasında bağlanan nikahlardan doğulan uşaqlarda fiziki və psixoloji qüsurların olması ehtimalı daha yüksəkdir. Bu cür hallar dövlətin genofonduna mənfi təsir göstərir. Məhz bu risklərin qarşısının alınması məqsədilə də qanunda dəyişiklik edilməsinə ehtiyac yarandı. Hesab edirəm ki, bu düzgün və vaxtında atılmış bir addımdır".
Fatimə Nəbiyeva
17:32 01.07.2025
Oxunuş sayı: 2723