Bu qərar kölgə iqtisadiyyatına yenidən təkan verə bilər - Rəy

Azərbaycanda gəlir vergisinə dair tətbiq olunan güzəştin müddəti artırılmayacaq. Rəsmi qurumların məlumatına görə, mövcud güzəşt mexanizmi əvvəlcədən müəyyən edilmiş tarixdə başa çatacaq. Bu qərar, vergi sistemində şəffaflığın və bərabər rəqabət mühitinin qorunması məqsədilə qəbul edilib. Qeyd olunur ki, addım gələcəkdə əmək bazarında və sahibkarlıq fəaliyyətində müəyyən dəyişikliklərə səbəb ola bilər.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlamasında bildirib ki, əvvəlcə gəlir vergisinə dair güzəştlərin tətbiq olunma səbəblərinə diqqət yetirmək lazımdır:
“Bu, dövlət proqramları çərçivəsində qeyri-neft sektorunun inkişafını təşviq etmək məqsədi daşıyırdı. Yol xəritələri, sahibkarlığa dəstək mexanizmləri və digər iqtisadi təşəbbüslər bu prosesə daxil idi. Yanvar ayında bu güzəşt başa çatacaq və vergi yenidən tətbiq olunacaq. Təəssüf ki, qeyri-neft sektoru kifayət qədər dayanıqlı səviyyəyə yüksəlməyib”.
Fuad İbrahimovun sözlərinə görə, güzəştin başa çatması müəyyən mənada əks-effekt yarada bilər:
“Bu qərar kölgə iqtisadiyyatına yenidən təkan verə bilər. Sahibkarlar və işçilər maaşlarının bir hissəsini qeyri-rəsmi şəkildə almağa meyillənəcəklər ki, vergidən yayınsınlar. Bunun qarşısını almaq üçün stabil iqtisadi mühit və vətəndaşların kifayət qədər gəliri olmalıdır. Hazırda gəlirlə istehlak arasındakı balans arzuolunan səviyyədə deyil”.
O həmçinin vurğulayıb ki, qeyri-neft sektorunun payı hələ də zəifdir:
“Hazırda iqtisadiyyatın təxminən 90 faizi neft və enerji daşıyıcılarının, cəmi 10 faizi isə qeyri-neft sektorunun payına düşür. Belə vəziyyətdə gəlir vergisinin yenidən tətbiqi sahibkarlara mənfi təsir göstərə bilər. Ən azından vəziyyəti düzgün qiymətləndirdikdən sonra bu addımı atmaq daha məqsədəuyğun olardı”.
Zeynəb Xuduyeva
19:11 22.10.2025
Oxunuş sayı: 2719