Əmək bazarında gedən rəqəmsallaşma prosesi sadə peşələrin tədricən yox olmasına səbəb olacaq - Ekspert
Rəqəmsallaşmanın və süni intellektin sürətlə inkişaf etdiyi dövrdə əmək bazarı da dərin transformasiya mərhələsindən keçir. Artıq bir çox ənənəvi peşələr tarixə qovuşmaq üzrədir, onların yerini isə texnoloji bilik və çevik bacarıqlar tələb edən yeni ixtisaslar tutur. Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin sözlərinə görə, gənclər bu dəyişən reallıqları nəzərə alaraq, gələcək peşə seçimlərini daha məqsədyönlü şəkildə formalaşdırmalıdırlar.
Bu barədə Crossmedia.az-a danışan təhsil üzrə ekspert İlqar Orucov bildirib ki, bu gün artıq dünyada yeni peşələr və gələcəkdə öz əhəmiyyətini itirəcək ixtisaslarla bağlı yanaşmalar kifayət qədər aydınlaşıb: “Xeyli sayda peşələr var ki, onların gələcəkdə ciddi risk altında olması, hətta yoxa çıxması ilə bağlı müxtəlif araşdırmalar və məntiqi nəticələr mövcuddur. Bu peşələr daha çox mühasibatlıq, kassirlik, logistika və turizm sahələri ilə bağlı ixtisaslardır. Onların bir çoxu yaxın gələcəkdə süni intellekt tərəfindən əvəzlənəcək. Əmək bazarında gedən rəqəmsallaşma prosesi sadə peşələrin tədricən yox olmasına səbəb olacaq və bu, artıq danılmaz reallığa çevrilib”.
Ekspertin sözlərinə görə, bu barədə fikir söyləmək qeyri-adi hal kimi qarşılanmır, çünki bu, müasir dövrün gerçəkliyidir: “Hər kəsə məlumdur ki, süni intellekt və rəqəmsallaşma yalnız peşə ixtisaslarını deyil, bəzi ali təhsil ixtisaslarını da sıradan çıxaracaq. Bununla belə, yeni peşələr mütləq yaranacaq və bu peşələrin hamısı rəqəmsallaşma və süni intellekt əsasında formalaşacaq.
Reallıq budur ki, gələcək ixtisaslar əsasən kompüter texnologiyaları, rəqəmsal platformalar və süni intellektə əsaslanan bacarıqlar üzərində qurulacaq. Bu, birmənalı şəkildə öz təsdiqini tapacaq. Ona görə də istər ali təhsil müəssisələri, istər peşə təhsili müəssisələri bu trendləri düzgün izləməli, onların fərqində olmalı və tədris proqramlarını elə qurmalıdırlar ki, bu gün verilən ixtisas sabah da əmək bazarında dəyərini qorusun”.
İ.Orucov bildirib ki, həm ali, həm də peşə təhsil müəssisələri bu məsələdə bəzən məsuliyyətsizlik nümayiş etdirirlər: “Bu gün bəzi ixtisaslar üzrə kadr hazırlayırlar, amma düşünmürlər ki, gələcəkdə bu ixtisasa ehtiyac qalacaqmı, yoxsa yox. Əgər bir şəxs bu sahə üzrə təhsil alır, lakin gələcəkdə həmin sahədə iş tapa bilmirsə, bu, həm vaxt, həm maddi, həm də mənəvi baxımdan ciddi itkiyə səbəb olur.
Buna görə də əmək bazarı üçün kadr hazırlayan bütün təhsil müəssisələri məsuliyyətli olmalıdırlar. Onlar düşünməlidirlər ki, bu gün bir insana ötürülən bilik, bacarıq və səriştələr sabah bazarda nə dərəcədə aktual olacaq”.
Sonda o, qeyd edib ki, təhsil müəssisələrinin funksionallığı əmək bazarının tələbləri ilə uzlaşmalıdır: “Əgər bu gün buraxılan kadr sabah əmək bazarında özünə yer tapa bilmirsə, bu, birbaşa təhsil müəssisəsinin məsuliyyətidir. Ona görə də təhsil sistemi transformasiyanı düzgün dərk etməli, məsuliyyəti bölüşməyi bacarmalı və yeni dövrün tələblərinə uyğun yanaşma formalaşdırmalıdır. Bu, həm təhsil verənlərin, həm də təhsil alanların diqqət yetirməli olduğu ən vacib məsələlərdən biridir”.
Türkanə Məşədiyeva
17:40 22.10.2025
Oxunuş sayı: 779