Rusiyadakı azərbaycanlılar niyə "gözümçıxdıya salınıb?" Türkiyəli ekspert gizli səbəbləri açıqladı

İyunun 27-də Rusiya polisi eyni vaxtda Səfərovlar ailəsinin yaşadığı 10-dan çox mənzilə basqın edərək insan haqlarını tapdalayaraq qalmaqallı insident yaradıb. Rəsmi Moskvanın hadisə ilə bağlı susması bütün dünyanın diqqətini çəkib. Hadisə iki nəfərin ölümü və bir çoxunun həbsi ilə nəticələndi. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın qeyri-insani yanaşmanı qanuniləşdirməyə cəhdi göstərdi. Bu, adi hadisə deyil, dövlət siyasətidir. Ümumiyyətlə, bu cür hadisələr son illərdə Rusiyada artan avtoritarizm, ksenofobiya və hüququn alətləşdirilməsinin konkret təzahürüdür.
Bu barədə Crossmedia.az-a danışan türkiyəli politoloq, professor Mehmet Yüce söyləyib ki, hadisədə Rusiya polisinin Azərbaycan əsilli mülki şəxslərə qarşı vəhşiliklə nəticələnən müdaxiləsi sadəcə olaraq fərdi təhlükəsizlik hadisəsi sayılmamalıdır: “Bu, sistematik problemin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Məncə, bu hadisənin iki əsas səbəbi var. Birincisi, Rusiyada güclənən irqçi-şovinist hərəkat və Ukrayna müharibəsindəki uğursuzluğun günahını miqrantların üzərinə yükləmək siyasətidir. Rusiyada baş verən son hadisələr - əvvəllər özbəkləri, türkmənləri və qazaxları hədəfə alırdı- dövlət səviyyəsində aparılan irqçi və şovinist siyasətin nəinki dərinləşdiyini, hətta ifrat forma aldığını açıq şəkildə göstərir. Digər tərəfdən, Ukraynada arzuladığı qələbəyə nail ola bilməyən Rusiya ölkə daxilində narazılığı yatırmaq və nəzarəti gücləndirmək üçün qeyri-rus xalqları və mühacirləri hədəfə alır. Onları “günah keçisi” kimi təqdim edir. Müharibə və iqtisadi sıxıntı altında olan bir cəmiyyətdə "günah keçisi"nin yaradılması hökumətlərin cəmiyyəti konsolidasiya etmək vasitəsi kimi tez-tez müraciət etdiyi təcrübələrdən biridir. Mühacirlərin və ya etnik azlıqların zülmü cəmiyyətin diqqətini daxili problemlərdən kənar qruplara yönəldə bilər. İkincisi, Rusiya “xarici siyasəti alətləşdirmək” və ya “siyasi mesaj vermək” üçün tez-tez belə təcrübələrə əl atır. Rusiyada azərbaycanlılara qarşı həyata keçirilən bu təzyiqləri təkcə “cinayətkarlıqla mübarizə” deyil, həm də geosiyasi mesaj vermək, daxili siyasi nəzarətin qurulması və sosial gərginliyi idarə etmək məqsədi daşıyan çoxşaxəli siyasətin tərkib hissəsi kimi də qiymətləndirmək olar”.
“Yeri gəlmişkən,
qeyd edim ki, azərbaycanlı deputat Azər Badamov Heydər Əliyevin anadan olmasının
ildönümü ilə bağlı Rusiyaya getmişdi. Lakin onun ölkəyə buraxılmaması və AZAL-a
məxsus sərnişin təyyarəsinin vurulması hadisələri də bu çərçivədə şərh edilməlidir.
Azərbaycanın Türk Dünyası Təşkilatında fəal rol alması və ya Qərblə çoxşaxəli
münasibətləri Rusiyanın narazılığına səbəb ola bilər. Nəticədə Rusiyada azərbaycanlıları
hədəf alan polis yoxlamaları, təzyiqlər və ya media diskursları arta bilər. Ona
görə də bu hadisədə qanundan “legitimləşdirmə aləti” kimi istifadə edilir və pərdə
arxasında sistemli təzyiqlər gizlənir. Ona görə də hadisə təkcə cinayət
istintaqı deyil; qorxutma siyasətinin məhsuludur. Nəticə etibarı ilə belə hadisələr
o an təkcə zərərçəkənlərə mesaj deyil. Onlar həm də cəmiyyətin qalan hissəsinə
“əzilmə” mesajı və azlıq qruplarına “sizi qoruyan yoxdur” təhdididir. Bu
baxımdan hadisə hüquq müdafiəçiləri və beynəlxalq ictimaiyyət üçün təkcə məhkəmə
qalmaqalı deyil, həm də Rusiyanın avtoritarizminin və dövlət zorakılığının dərinləşdiyinə
dair açıq xəbərdarlıqdır”, - müsahibimiz əlavə edib.
Kənan Novruzov
16:04 30.06.2025
Oxunuş sayı: 1685