Azərbaycan–ABŞ münasibətləri: Strateji tərəfdaşlığın yeni mərhələyə keçidi
ABŞ Dövlət Departamentinin Azərbaycanla münasibətləri Birləşmiş Ştatlar üçün əsas prioritetlərdən biri kimi dəyərləndirməsi iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə keçməsi ilə bağlı müzakirələri daha da aktuallaşdırıb. Son dövrlərdə siyasi dialoq, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, regional sabitlik və nəqliyyat-kommunikasiya layihələri istiqamətində müşahidə olunan fəallıq Vaşinqton–Bakı münasibətlərinin strateji əhəmiyyətini bir daha ön plana çıxarır.
Eyni zamanda qlobal geosiyasi dəyişikliklər, enerji bazarındakı transformasiya və yeni texnologiyaların inkişafı fonunda tərəflər arasında əməkdaşlıq imkanları da genişlənir. Belə bir şəraitdə sual yaranır: bu gün Azərbaycan–ABŞ münasibətləri hansı səviyyədədir və mövcud tərəfdaşlıq gələcəkdə daha hansı istiqamətlər üzrə inkişaf edə bilər?
Crossmedia.az məsələ ilə bağlı araşdırma aparıb.
Milli Məclisin deputatı Rizvan Nəbiyev:
“Azərbaycanın ABŞ ilə münasibətlərində 2025-ci ilin 8 avqustundan etibarən yeni mərhələ başladı. Hazırda Azərbaycan–ABŞ münasibətləri siyasi, iqtisadi, təhlükəsizlik, müdafiə sənayesi və digər istiqamətlər üzrə intensiv inkişaf dövrünü yaşayır. Dövlət katibinin köməkçisi Kaleb Orrun səfəri və 1-ci İqtisadi forum çərçivəsində əldə olunan razılaşmalar da bu kontekstdə şərh oluna bilər.
ABŞla münasibətlərin perspektivləri ilə bağlı ilk mühüm mesajlardan biri Prezident İlham Əliyev tərəfindən Şuşada keçirilən media forumunda səsləndirilmişdi. Həmin çıxışda Prezident Əliyev Donald Trampın seçilməsinin iki ölkə arasındakı münasibətlər üçün daha perspektivli imkanlar yarada biləcəyi fikrini diplomatik şəkildə ifadə etmişdi. Sonrakı mərhələdə baş verən hadisələr fonunda bu yanaşmanın özünü doğrultduğu və avqustdan bu günə qədər proseslərin dinamik şəkildə inkişafı göz qabağındadır. 8 avqust tarixində Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının başa çatmasının təsdiqlənməsi, Ermənistanla sülh sazişinin paraflanması və dayanıqlı sülh prosesinin irəliləməsi də bu dinamikanın göstəricilərindən biri kimi təqdim olunur. Bu mərhələdə Birləşmiş Ştatlar yalnız ev sahibi ölkə qismində deyil, eyni zamanda sülh prosesini dəstəkləyən qlobal aktor kimi çıxış edir. Azərbaycan Prezidentinin ATƏT-in Minsk Qrupunun ləğvi və Minsk prosesinin dayandırılması ilə bağlı çağırışına ABŞ-nin Prezident səviyyəsində qoşulması və bunun imzalan Birgə Bəyannamədə əksini tapması da ikitərəfli münasibətlərdə çox mühüm məqam kimi qiymətləndirilir. Bu yanaşma onunla əsaslandırılır ki, regionda yeni siyasi reallıqlar formalaşıb və yeni əməkdaşlıq mexanizmlərinin yaradılması zərurətə çevrilib.

Deputat əlavə edib ki, eyni zamanda Azərbaycan–Ermənistan normallaşma prosesinə dəstək məqsədilə müxtəlif layihələrin gücləndirilməsi, o cümlədən Zəngəzur dəhlizi məsələsinin dəstəklənməsi və bu istiqamətdə ABŞ tərəfindən siyasi marağın ifadə olunması diqqət çəkən məsələlərdəndir. Burada həmçinin özəl şirkətlər və investorlar vasitəsilə layihələrin reallaşdırılması istiqamətində addımlar da nəzərdən keçirilir. Sülh müqaviləsinin paraflanmasından sonra proseslərin intensivliyi daha da artıb: Azərbaycan Prezidentinin Nyu-Yorka səfəri, BMT Baş Assambleyası çərçivəsində aparılan dialoqlar, Yaxın Şərq sülh sammitində iştirakı, Davos İqtisadi Forumu zamanı aparılan müzakirələr, Vaşinqtonda Sülh Çurasının ilk iclası çərçivəsində təmaslar və digər diplomatik görüşlər bu dinamikanın tərkib hissəsidir Eyni zamanda Azərbaycan və ABŞ liderləri arasında sosial platformalarda aparılan yazışmalar və diplomatik təmasların intensivləşməsi də diqqət çəkir. Bu proseslər fonunda Vitse-prezident Cey Di Vens Bakıya səfərə gəlir və strateji tərəfdaşlığa dair xartiya imzalanır, siyasi diplomatik aktivliyin artması xüsusi vurğulanır. Bütün bunların fonunda 907-ci düzəlişin tətbiqinin dayandırılması ilə bağlı ABŞ Prezidentinin qərarı siyasi gündəmdə xüsusi yer tutur. Ümumilikdə bu iki tərəfli münasibətlərdəki yeni dövr ona görə fərqli və unikal xüsusiyyətləri ilə qiymətləndirilir ki, Azərbaycan və ABŞ arasında ali səviyyəli intensiv və etibarlı əsasda dialoq həyata keçirilir. Bu dialoq həm sahəvi dövlət qurumları, həm də özəl şirkətlər səviyyəsində intensiv şəkildə genişləndirilir. Aidiyyəti qurumlar müəyyən edilmiş strateji istiqamətlər üzrə fəaliyyətlərini intensivliklə davam etdirirlər. Paralel olaraq özəl sektorun da bu proseslərə daha fəal şəkildə cəlb olunması müşahidə olunur. Azərbaycan–ABŞ münasibətlərinin inkişaf perspektivləri hər iki ölkənin siyasi və iqtisadi gündəmdə mühüm yer tutur ”.
Politoloq Zaur İbrahimli:
“Bu gün ABŞ və Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Artıq Azərbaycanla ABŞ arasında əməkdaşlıq xartiyası imzalanıb. Həmin strateji tərəfdaşlıq xartiyası iki ölkə arasında birgə əməkdaşlığın əsas və prioritet istiqamətlərini müəyyən edir. Ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan təhlükəsizlik, müdafiə, nəqliyyat, logistika, rəqəmsal inkişaf, yaşıl enerji istehsalı və enerji təhlükəsizliyi kimi sahələr bu əməkdaşlığın əsas prioritetləri sırasında yer alır. Eyni zamanda, ABŞ vitse-prezidentinin bu il 9 dekabr tarixində Bakıya səfəri də göstərdi ki, rəsmi Bakı ilə rəsmi Vaşinqton arasında münasibətlər dinamik şəkildə inkişaf edir. Burada ən vacib məqamlardan biri odur ki, təkcə ikitərəfli münasibətlər deyil, bütövlükdə regionun inkişaf perspektivləri də tərəflərin diqqət mərkəzindədir. Regionun hansı istiqamətdə inkişaf edəcəyi, onun münaqişə zonasından sülh məkanına transformasiya olunması və Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin inkişafı ABŞ–Azərbaycan münasibətlərində xüsusi yer tutur. Biz bunun bariz nümunəsini ABŞ prezidenti Donald Trampın 31-ci Bakı Enerji Həftəsinə göndərdiyi məktubda da gördük. ABŞ da Azərbaycanın sülh gündəliyini region üçün prioritet hesab edir və bu istiqamətdə dəstək nümayiş etdirir. Ən vacib məsələlərdən biri regional bağlantılar, xüsusilə də Zəngəzur dəhlizi və tranzit marşrutlarının açılmasıdır. ABŞ bu istiqamətdə həm siyasi, həm də texniki dəstək verir”.

Politoloq əlavə edib ki, artıq ABŞ ekspert heyəti həm Azərbaycanda, həm də Ermənistanda olub, hökumətlərlə danışıqlar aparılıb və Ermənistana ilkin yardım da ayrılıb:
“Bu isə onu göstərir ki, ABŞ regionda uzunmüddətli və qalıcı maraqlar prizmasından fəaliyyət göstərir. Cənubi Qafqazın Avrasiyanın əsas qovşaq məkanlarından biri olması ABŞ maraqlarını şərtləndirən əsas amillərdəndir. Eyni zamanda Azərbaycanın Mərkəzi Asiya, Çin və Avropa arasında regional bağlantılarda mühüm tranzit və logistika mərkəzi kimi çıxış etməsi də ABŞ üçün strateji əhəmiyyət daşıyır. ABŞ bu strateji məkanda və həmin məkanın əsas ölkələrindən biri olan Azərbaycanda uzunmüddətli maraqlara sahib olduğunu müxtəlif vasitələrlə nümayiş etdirir və bu maraqların qorunması istiqamətində ciddi addımlar atır. Xüsusilə son bir il ərzində ABŞ–Azərbaycan iqtisadi əlaqələrinin daha da dinamikləşdirilməsi istiqamətində mühüm səylər müşahidə olunur. Hazırda aparılan işlərin yaxın illərdə ciddi nəticələr verəcəyi gözlənilir. ABŞ Cənubi Qafqazda Azərbaycanı mərkəzi tərəfdaş kimi qiymətləndirir. Bu məqam ABŞ vitse-prezidentinin Azərbaycana səfəri zamanı da vurğulanıb. Prezident Trampın məktubunda da buna işarələr yer alıb. Bunun əsas səbəbi Prezident İlham Əliyevin həyata keçirdiyi sülh diplomatiyasının Cənubi Qafqazı transformasiya etmək potensialına malik olması kimi qiymətləndirilir. Bu sülh siyasəti və sülh gündəliyi Ermənistanı da prosesə cəlb etməklə Cənubi Qafqazı Avrasiya regional bağlantılarında mühüm strateji nöqtəyə çevirib. Bu günlərdə Bakı–Tbilisi dəmir yolu xəttinin modernləşdirilməsi nəticəsində onun daşıma potensialı ildə 5 milyon ton yükə çatdırılıb. Azərbaycan hazırda Qazaxıstan və Türkmənistandan nefti bərələr vasitəsilə Bakıya çatdırır, daha sonra isə Bakı–Tbilisi–Ceyhan xətti ilə Avropa istehlakçılarına nəql edir. Bununla yanaşı, Azərbaycan Mərkəzi Asiya ilə rəqəmsal bağlantılar layihəsini yekunlaşdırmaq üzrədir və yaşıl keçid, yaşıl enerji ixracı istiqamətində mühüm təşəbbüslər həyata keçirir. Bu proseslərin hamısında ABŞ tərəfdaş kimi iştirak edir və eyni zamanda onları Cənubi Qafqazın gələcək dinc inkişafı üçün ciddi zəmin hesab edir. Bu təşəbbüslərin əksəriyyətinin mərkəzində isə Azərbaycanın resursları, iqtisadiyyatı və siyasi iradəsi dayanır. Bu baxımdan ABŞ–Azərbaycan münasibətləri strateji tərəfdaşlıq mahiyyəti daşıyır və gələcək inkişaf üçün çox ciddi zəmin formalaşdırılıb”.
ReAl partiyasının sədri, iqtisadçı Natiq Cəfərli:
“Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında müstəqilliyimizin ilk illərindən etibarən əlaqələr mövcud olub və son bir il ərzində bu münasibətlər daha da intensivləşib. Bakı Enerji Forumunda imzalanan müqavilələr də bunu bir daha təsdiqləyir. Ümumi dəyəri təxminən 8 milyard dollar olan investisiya sazişləri müxtəlif istiqamətləri əhatə edir. Bu sənədlərdə enerji sektorundan əlavə, yüksək texnologiyalar, bulud texnologiyaları, süni intellekt, məlumat bazalarının yaradılması, həmçinin əlvan və nadir metalların hasilatı və emalı kimi sahələr də yer alır. Bu istiqamətlər Azərbaycan–ABŞ münasibətlərinin gələcək inkişafında prioritet sahələr kimi çıxış edəcək”.

İqtisadçı əlavə edib ki, eyni zamanda, Azərbaycan bu əməkdaşlıqdan istifadə edərək öz ənənəvi iqtisadi sahələrini də inkişaf etdirməlidir: “Məsələn, kənd təsərrüfatı məhsullarının və onlardan hazırlanmış yarımfabrikatların Amerika bazarına çıxarılması imkanları genişlənə bilər. Ümumilikdə, bu müqavilələr və münasibətlərin genişlənməsi Azərbaycan üçün ABŞ bazarına çıxış baxımından yeni fürsətlər və imkanlar yaradır”.
Ayhan
13:34 04.06.2026
Oxunuş sayı: 68