Qırğızıstan XİN vətəndaşlarının İrandan təxliyə olunmasında göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib

Qırğızıstanın xarici işlər nazirliyi 28 qırğızıstanlı vətəndaşın “Astara” nəzarət-buraxılış məntəqəsi ilə İran sərhədindən Azərbaycana keçməsinə göstərilmiş köməyə görə Azərbaycana təşəkkür edib.
Crossmedia.az bu barədə Qırğızıstan XİN-ə istinadən xəbər verir.
“Qırğız Respublikasının Xarici İşlər Nazirliyi təxliyə edilən vətəndaşların təhlükəsiz tranzitinin təmin olunmasında göstərilən hərtərəfli köməyə, yüksək səviyyədə təşkilatçılığa və konstruktiv qarşılıqlı-fəaliyyətə görə Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirir”, – nazirliyin açıqlamasında qeyd olunub.
Qeyd edilir ki, xaricdə olan Qırğızıstan vətəndaşlarının təhlükəsizliyinin və hüquq və maraqlarının qorunması məqsədilə Xarici İşlər Nazirliyi İran və Azərbaycandakı diplomatik nümayəndəliklərlə sıx əməkdaşlıq şəraitində onların təxliyyəsi üzrə kompleks tədbirlər həyata keçirib.
Hazırda təxliyə edilən vətəndaşların yaxın günlərdə Azərbaycandan Qırğızıstana qayıtması üçün lazımı köməklik göstərilir.
12:54 16.06.2025
Oxunuş sayı: 1097