İran XİN: “ABŞ-nin nüvə obyektimizə hücumda iştirak etmədiyi iddiasına inanmırıq”

İranın xarici işlər naziri Abbas Əraqçı, ABŞ-nin Nətənzdəki nüvə obyektinə hücumda iştirak etmədiyi barədə Tehrana göndərdiyi mesajlara inanmadıqlarını bildirib.
Crossmedia.az xəbər verir ki, nazir bu barədə İranın “Tasnim News” agentliyinə açıqlama verib.
Əraqçı qeyd edib ki, son iki gün ərzində müxtəlif diplomatik kanallar vasitəsilə ABŞ tərəfindən İran tərəfinə “hücumda iştirak etmədikləri” barədə məlumatlar göndərilib. Lakin İran tərəfi bu bəyanatlara etibar etmir.
“Biz ABŞ-nin bu iddiasına inanmırıq, çünki sübutlarımız əksini göstərir. ABŞ hökuməti bu məsələ ilə bağlı öz mövqeyini açıq şəkildə bildirməli və nüvə obyektlərinə edilən hücumu açıq şəkildə pisləməlidir”, – deyə Abbas Əraqçı vurğulayıb.
Nazir həmçinin beynəlxalq ictimaiyyətin məsələyə yetərincə diqqət ayıracağına və İsrailin beynəlxalq hüququn bütün norma və prinsiplərini pozan hücumları qarşısında duracağına ümid etdiklərini bildirib.
18:20 15.06.2025
Oxunuş sayı: 780