İran və İsrail arasında gərginlik kritik həddə çatıb

İsrailin 13 iyun tarixində İran ərazisinə təşkil etdiyi hücumlara cavab olaraq, Tehran genişmiqyaslı əks-hücum həyata keçirib.
Crossmedia.az xəbər verir ki, İran tərəfindən “Sadiq vəd 3” adlandırılan əməliyyat çərçivəsində Tel-Əviv və digər bölgələrə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirilib. Şəhərdə ard-arda partlayış səsləri eşidilib.
İran mediası bildirib ki, hücum zamanı yüzlərlə ballistik raket buraxılıb və bəzi raketlər İsrailin hava hücumundan müdafiə sistemi olan “Dəmir Qübbə”ni də keçərək partlayışlara səbəb olub.
Bununla yanaşı, İranın cavabı, İsrailin əvvəlki gecə həyata keçirdiyi intensiv hücumların ardınca gəlib. İsrail ordusu iyunun 13-nə keçən gecə Tehrandan başlayaraq Təbriz, İsfahan (Natanz nüvə obyekti), Lorestan, Kirmanşah, Şiraz, Huzistan, Həmədan və Qum şəhərlərinə hava zərbələri endirib.
Hücumlar nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Bakıri, SEPAH (İran İslam İnqilabı Keşikçiləri Korpusu) baş komandanı Hüseyn Səlami və bir sıra yüksək rütbəli hərbçilər, həmçinin nüvə proqramında çalışan bir neçə alim həyatını itirib.
İsrailin baş naziri Benyamin Netanyahu hadisələrlə bağlı açıqlamasında bildirib:
“İran tərəfindən törədilən təhdidlər tamamilə aradan qalxana qədər hücumlarımız davam edəcək”.
İsrail Müdafiə Qüvvələri (IDF) əməliyyatlara 200-dən çox qırıcı təyyarənin və çoxsaylı pilotsuz uçuş aparatının cəlb edildiyini açıqlayıb.
İran isə İsrailə qarşı növbəti cavab hücumlarının istisna olunmadığını və sərt şəkildə qarşılıq verəcəklərini bəyan edib.
Aybəniz Səfərova
18:19 14.06.2025
Oxunuş sayı: 1800