İran İsrailə qarşı genişmiqyaslı hücumlara hazırlaşdığını bəyan edib

İran Fransa, Böyük Britaniya və ABŞ-a rəsmi şəkildə məlumat verib ki, yaxın günlərdə İsrailə qarşı çox genişmiqyaslı hərbi hücumlara başlayacaq. Tehran bu addımı İsrailin bölgədəki fəaliyyətlərinə cavab olaraq atacağını bildirib. İran rəsmiləri iddia edirlər ki, bu hücumlar əvvəlcədən planlaşdırılmış hərbi əməliyyatın tərkib hissəsidir və İsrailin son dövrlərdə regionda həyata keçirdiyi təxribat xarakterli hərəkətlərə qarşı cavab tədbiri olacaq.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, İranın bəyanatında təkcə İsrail deyil, həmçinin ona dəstək göstərən ölkələr də hədəf kimi göstərilib. İran rəsmiləri bildiriblər ki, əgər ABŞ, Fransa, Böyük Britaniya və ya hər hansı başqa bir ölkə bu hücumların qarşısını almağa cəhd edərsə, həmin dövlətin bölgədəki bütün hərbi mövqeləri İran Silahlı Qüvvələrinin zərbəsinə məruz qalacaq. Bu xəbərdarlıq xüsusilə Fars körfəzində yerləşən müttəfiq ölkələrin hərbi bazaları və dənizdəki hərbi gəmiləri üçün keçərlidir.
Bəyanatda qeyd olunub ki, İran bu məsələni öz suverenliyinə və milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirir. Rəsmi Tehran bildirib ki, hərbi qarşıdurma halında təkcə İsrail deyil, ona yardım göstərən bütün tərəfdaş ölkələr də məsuliyyət daşıyacaq və nəticələrinə qatlanmalı olacaqlar. İran Silahlı Qüvvələrinin yüksək rütbəli nümayəndələri əlavə ediblər ki, ölkə hərbi baxımdan tam hazır vəziyyətdədir və hücumlara dərhal cavab verəcək texniki imkanlara malikdir.
Hazırda beynəlxalq ictimaiyyət İranın bu açıqlamasından sonra bölgədə təhlükəsizlik vəziyyətinin kəskin şəkildə dəyişəcəyindən narahatdır. Qərb dövlətləri vəziyyəti yaxından izləyir və mümkün gərginliyin qarşısını almağa çalışırlar. Ekspertlər hesab edirlər ki, belə bir qarşıdurma Yaxın Şərqdə yeni və daha dağıdıcı bir müharibənin başlanğıc nöqtəsi ola bilər.
Fatimə Nəbiyeva
17:00 14.06.2025
Oxunuş sayı: 1181