Dr. Merdan Yanardağdan sərt çıxış: “Səfəviləri acem saymaq türklüyə ziddir”

Türkiyəli tanınmış jurnalist və siyasi şərhçi Dr. Merdan Yanardağ, TBMM sədri Numan Kurtulmuşun İdlisi-Bitlisi hadisəsinə istinad etməsini kəskin tənqid edib. O, bu hadisənin kürd və türk qardaşlığı ilə heç bir əlaqəsinin olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, Yanardağ açıqlamasında qeyd edib:
“İdlisi-Bitlisi hadisəsi kürd və türk qardaşlığı ilə deyil, birbaşa ələvi-türkmən qətliamı ilə əlaqəlidir. Əgər tarixi nümunə göstərmək istəyirsinizsə, Malazgirt zəfəri, İstanbulun fəthi və ya Çanaqqala savaşına müraciət etmək daha uyğun olardı”.
Səfəvilər dövlətinə toxunan Yanardağ, bu dövlətin fars-İran yox, Azərbaycan-türk dövləti olduğunu vurğulayıb:
“Şah İsmayıl ən böyük türkmən-Azərbaycan hökmdarıdır. Səfəvilər Anadolu türklərinə zülm etməyib. Bu iddialar tamamilə uydurmadır. Səfəvilər dövləti Qaramanoğlundan sonra türk dilini dövlət dili elan edən yeganə dövlətdir”.
Yanardağ, Türkiyə prezidentlik forsunda Səfəvilər bayrağının yer almamasını da tənqid edib:
“Bu, Türkiyə dövlətinin tarixi yanlışı və ayıbıdır. Səfəvilər, tarixən Osmanlıdan daha çox türkçü bir dövlət olub. Bu gün Azərbaycan Səfəvilər dövlətinin varisidir və Şah İsmayıl Azərbaycan türkləri üçün ata fiqurudur”.
O, Səfəvilərin “acem” olaraq təqdim edilməsinə də sərt reaksiya verib:
“Şah İsmayıl əsərlərini türkcə yazıb, Yavuz Sultan Səlim isə farsca. Bunları demədən türklükdən danışmaq mümkün deyil. Türkiyə rəhbərliyi və xalqı artıq bu tarixi təhriflərdən əl çəkməlidir”.
Dr. Yanardağın bu çıxışı sosial mediada geniş müzakirələrə səbəb olub.
07:00 09.06.2025
Oxunuş sayı: 1007