250 illik mübahisə yenidən alovlandı: İngiltərə və Yunanıstan qarşı-qarşıya

Parthenon heykəllərinin Yunanıstana qaytarılması məsələsi, İngiltərə mediasında yayımlanan iddialardan sonra yenidən gündəmə gəlib.
Crossmedia.az xəbər verir ki, İngiltərənin “The Critic” jurnalında dərc olunan məqalədə bildirilir ki, British Museum ilə Yunan hökuməti arasında Parthenon heykəllərinin uzunmüddətli olaraq Yunanıstana icarəyə verilməsi barədə razılıq əldə olunub. Lakin Yunanıstanın “Kathimerini” qəzetinin məlumatına görə, British Museum bu iddiaları qəti şəkildə təkzib edib. “The Times” qəzetində yer alan oxşar xəbərdə isə London və Afina arasında danışıqların 2023-cü ilin sonlarından bəri dayandığı qeyd olunub.
Həmin dövrdə Yunanıstanın Baş naziri Kiryakos Miçotakis bu mövzunu müxalifət lideri, indiki baş nazir Keir Starmerin qarşısında gündəmə gətirmişdi. İngiltərə hökuməti isə muzeyin heykəllərin mülkiyyətini təhvil verməsini mümkün edəcək qanunvericilik dəyişikliklərini etmək niyyətində olmadığını açıq şəkildə ifadə edib. Qeyd olunub ki, Parthenon heykəllərinin idarəçiliyi müstəqil fəaliyyət göstərən British Museum-un mütəvəlli heyətinin məsuliyyətindədir.
Müzakirəyə çıxarılan yeganə təklif “qarşılıqlı icarə” modelidir. Bu modelə görə, heykəllər uzun müddətə Yunanıstana qaytarılacaq, lakin mülkiyyət hüququ dəyişməyəcək. Əvəzində Yunanıstan tərəfi də mühüm arxeoloji tapıntıları Londonda dövri sərgilər üçün icarəyə verəcək.
Bu yanaşma bəzi dairələrdə mümkün diplomatik açılım kimi dəyərləndirilsə də, İngiltərədə müxalif mövqelərlə qarşılanır. Mühafizəkar lider Kemi Badenoch heykəllərin Yunanıstana qaytarılmasını heç vaxt müdafiə etmədiyini bildirib. Muzey rəsmiləri isə danışıqların hələ ilkin mərhələdə olduğunu və yekun razılaşmadan uzaq olduqlarını vurğulayıblar.
Danışıqlarda iştirak edən yunan rəsmisinin sözlərinə görə, əhəmiyyətli irəliləyiş üçün heykəllərin qısa müddətli sərgilər və ya 50-100 illik rəsmi kreditlərlə deyil, uzunmüddətli əsasda Afinaya qaytarılmasını nəzərdə tutan razılaşma olmalıdır. Həmin rəsmi, Yunan hökumətinin simvolik bir jest yox, Parthenon heykəllərinin təbii mühitində birləşdirilməsini hədəfləyən ciddi və qalıcı bir addım axtarışında olduğunu bildirib.
Miladdan əvvəl V əsrdə inşa olunmuş Parthenon məbədini bəzəyən bu heykəllərin təxminən yarısı 1801-1803-cü illərdə İngilis diplomat Lord Elgin tərəfindən İngiltərəyə aparılmışdı.
Mədinə Cəlilova
02:00 09.06.2025
Oxunuş sayı: 852