Erkən seçkinin Niderlandiyada dəyəri 105 milyon avro olacaq

Hollandiyada hökumətin dağılmasından sonra keçiriləcək erkən seçkinin tarixi rəsmən açıqlanıb.
Crossmedia.az xəbər verir ki, daxili işlər nazirliyi seçkilərin 29 oktyabr 2025-ci il tarixində baş tutacağını bildirib. Daxili işlər naziri Judith Uitermark sosial media hesabında verdiyi açıqlamada, “Seçki tarixini rəsmi olaraq müəyyən etdik… Seçkilər 29 oktyabr 2025-ci il çərşənbə günü keçiriləcək”,-deyə bildirib. O, bu mühüm günün problemsiz keçməsi üçün bələdiyyələr və digər tərəfdaşlarla əməkdaşlıq aparacağını vurğulayıb.
Seçkilər, sağçı Azadlıq Partiyasının (PVV) miqrasiya siyasəti ilə bağlı narazılıqları səbəbindən koalisiya hökumətindən ayrılması və Baş nazir Dik Sxofun istefasından sonra təyin olunub.
Niderlandiyadakı bələdiyyələr birliyi VNG-nin hesablamasına görə, seçkilərin təşkili və keçirilməsi ölkəyə təxminən 105 milyon avroya başa gələcək. NL Times xəbər saytının məlumatına əsasən, bu məbləğ hər seçici üçün 7,79 avro xərclə hesablanıb. Əvvəlki seçkilər zamanı ölkədə 13 milyon 473 min 750 seçici olduğu nəzərə alınaraq, ümumi büdcə 104 milyon 960 min 512 avro olaraq müəyyən edilib.
Lakin qəzet qeyd edir ki, seçici sayında son iki il ərzində dəyişiklik ola biləcəyi üçün xərclərin artma və ya azalması mümkündür. VNG-nin sözçüsü bunun yalnız seçkilərdən sonra dəqiqləşəcəyini bildirib.
Mədinə Cəlilova
22:45 06.06.2025
Oxunuş sayı: 1126