İtkin düşən şəxslərin taleyi nə olacaq? - Azərbaycan və Ermənistan arasında vacib görüş baş tutdu

Azərbaycan və Ermənistanın itkin düşmüş şəxslərlə bağlı dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş baş tutub. Tərəflər humanitar məsələlərin, xüsusilə də 1-ci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində fikir mübadiləsi aparıblar. Görüşdə qarşılıqlı etimad mühitinin yaradılması və beynəlxalq mexanizmlərin tətbiqi məsələləri də müzakirə olunub. Bu cür təmaslar regionda humanitar əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan və Ermənistanın itkin düşmüş şəxslərlə bağlı dövlət komissiyalarının nümayəndələri arasında keçirilən görüş haqqında fikirlərini Crossmedia.az-a olan açıqlamasında səsləndiriən politoloq Turab Rzayev bildirib ki, bu məsələ daha çox müharibə travmaları ilə bağlıdır.
Onun sözlərinə görə, hər iki tərəfdə əsir və itkin düşmüş şəxslər olub: “Hazırda düşünmürəm ki, tərəflərdə çox sayda əsir var. Amma itkin düşmüş şəxslərlə bağlı kifayət qədər ciddi problemlər mövcuddur. Hələ də ailəsi meyitlərini gözləyən, cəsədləri tapılmayan, yaxınlarından xəbər ala bilməyən insanlar var”.
O əlavə edib ki, bəzi ailələrə yalnız simvolik olaraq şəhid ünvanı verilib, yaxud süni şəkildə qeyri-rəsmi bir məzar düzəldilib. Amma əslində bu insanların harada basdırıldığı, nə vaxt həlak olduqları bilinmir.
Politoloq vurğulayıb ki, bu cür halların aradan qaldırılması, yəni itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, onların cəsədlərinin tapılması və aidiyyəti şəxslərə təhvil verilməsi cəmiyyətlərdə müharibədən qalan yaraların sağalması baxımından xüsusilə əhəmiyyətlidir.
T.Rzayev bildirib ki, burada digər mühüm məqam isə tərəflər arasında münasibətlərin yumşalması üçün yaranan yeni fürsətlərdir. Onun sözlərinə görə, bu, humanitar münasibətlərin normallaşmasına səbəb ola bilər, bu da nəticə etibarilə qarşılıqlı etimadın formalaşmasına, cəmiyyətlərin bir-birini daha yaxşı anlamasına yol açar.
“Cəmiyyətlər bir-birinin yaralarını sarmağı, ağrılarını azaltmağı öyrənməlidirlər. Belə bir barışıq prosesi baş verərsə, bu, normal və gözlənilən haldır” – deyə politoloq qeyd edib.
O əlavə edib ki, Azərbaycanda saxlanılan şəxslər hərbi əsir kimi qəbul olunmur: “Bu şəxslər konkret hərbi cinayətlərə görə tutulublar və hüquqi məsuliyyət daşıyırlar. Ona görə də biz onları əsir kimi tanımırıq”.
Politoloq daha sonra vurğulayıb ki, bu tip humanitar dialoqlar iki ölkə arasında barış prosesinin başlanğıcına səbəb ola bilər. Onun sözlərinə görə, beynəlxalq təcrübədə də oxşar hallar müşahidə olunub. “Serbiya, Xorvatiya və Bosniya arasında uzun illər müharibə və hətta soyqırımlar olub. Amma sonradan orada müəyyən normallaşma prosesi başlayıb. Hətta Fransa ilə Almaniya da uzun illər müharibə aparsa da, sonradan əməkdaşlığa başlayıblar. İndi bu cür prosesin Cənubi Qafqazda da başlamasının vaxtıdır” – deyə o fikrini tamamlayıb.
Fatimə Nəbiyeva
17:22 04.06.2025
Oxunuş sayı: 1595