Azərbaycan – Ermənistan slüh sazişində Ankara hansı rolu oynayır? – Türkiyəli ekspert danışdı

“Ermənistanın baş naziri Nikol Paşinyan mayın 9-da verdiyi açıqlamada deyib ki, Daxili və xarici təxribatlara baxmayaraq, sülh olacaq. İki ölkə bundan əvvəl mart ayında sülh sazişinin mətni ilə bağlı razılığa gəldiklərini bəyan etmişdilər. Bu mətndə Azərbaycanın həssaslıqla tələb etdiyi Avropa İttifaqının sərhəd nəzarəti qüvvələrinin çıxarılması və Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddiaları geri götürməsi kimi Azərbaycanın əsas tələblərini də qəbul edilib. İndi Azərbaycan daha iki həssaslığı dilə gətirir. Birincisi, ATƏT-in Minsk Qrupunun ləğvi, ikincisi isə Ermənistan konstitusiyasında Qarabağ bölgəsi ilə bağlı qeydlərin aradan qaldırılmasıdır. Burada ilk tələb asanlıqla qəbul edilir. Minsk Qrupu 2020-ci il müharibəsindən sonra artıq fəaliyyətini dayandırıb. Əsas problem ikinci tələb ətrafında davam edir. Paşinyanın ən çox çətinlik çəkdiyi məsələ bu konstitusiya dəyişiklikləridir. Türkiyənin Ermənistan konstitusiyasındakı Türkiyə sərhədlərinə zidd olan maddələrin götürülməsini tələb etdiyi də məlumdur. Paşinyan isə bir ildən az müddətdə Ermənistanda keçiriləcək parlament seçkiləri qarşısındadır. Ermənistan daxilində də narahatlıqlar var ki, sülh sazişindən sonra Azərbaycan yenidən Ermənistanı hədəfə ala bilər”.
Bu sözləri Crossmedia.az-a açıqlamasında Türkiyənin Qaziantep Universitetinin beynəlxalq münasibətlər fakültəsinin müəllimi, politoloq Coşkun Soysal deyib.
O bildirib ki, Paşinyan seçki ab-havasına baxmayaraq, bu son maneələri də keçə bilsə, Cənubi Qafqazda sülhün qarşısında duran son əngəllər aradan qalxacaq: “Digər tərəfdən, İrəvan iddia edir ki, konstitusiyasının dəyişdirilməsi üçün tələb olunan proses bir ildən çox çəkə bilər. Ona görə də belə görünür ki, konstitusiya dəyişikliyi və sülh sazişinin imzalanması Ermənistanda keçirilən seçkilərin nəticələrindən asılıdır. Paşinyan və erməni diasporu da ABŞ-də Donald Tramp administrasiyasından kifayət qədər dəstək almır. Avropa isə ABŞ-nin başlatdığı ticarət müharibələrinə və Ukraynadakı müharibəyə fokuslanıb. Tramp, həmçinin Suriyada Ərdoğan administrasiyası ilə sıx dialoq və əməkdaşlıq edir. Bu, Ərdoğan administrasiyasının Trampla yaxşı münasibətlərindən Cənubi Qafqazda istifadə edə biləcəyini düşünməyə vadar edir.
Seçkilər öncəsi bu konstitusiya dəyişiklikləri müqabilində Ermənistana ciddi stimullar təklif edilsə və Azərbaycan da sülh sazişindən sonra bu ölkəni bir daha hədəfə götürməyəcəyi və sazişdə qəbul ediləcək sərhədlərə hörmətlə yanaşacağı barədə ciddi öhdəlik götürsə, bu konstitusiya dəyişikliklərinin edilməsində Paşinyan hökumətinin əli daha güclü olacaq. Təbii ki, Paşinyanın partiyasının martda keçirilən yerli seçkilərdə zəif çıxış etməsi mövcud iqtidar üçün çox ciddi çatışmazlıqdır. Ona görə də Paşinyan hökumətinin ciddi təşviqə ehtiyacı olacaq”.
Onun sözlərinə görə, Türkiyənin təkbaşına qərar verib prosesə qarışması düzgün olmazdı: “Azərbaycan administrasiyası Türkiyəni də bu prosesə cəlb edə bilə. Konstitusiya dəyişiklikləri ilə yanaşı, Türkiyənin böyük önəm verdiyi Zəngəzur dəhlizinin açılmasına icazə müqabilində Türkiyə ilə sərhəd ticarəti və yol əlaqələrinin tam açılacağı faktı erməni tərəfinə bir stimul kimi təqdim edilə bilər. Onsuz da liderlər səviyyəsində ciddi problem görünmür. Bildiyiniz kimi, üç ölkənin liderləri sonuncu dəfə bir neçə həftə əvvəl Tiranada bir araya gəlib, qısa söhbət ediblər. Hadisələrin gedişindən asılı olaraq Türkiyədə məskunlaşan Ermənistan vətəndaşları, bu ölkədə çalışanlar, gənclər və akademik mübadilə proqramları kimi bir çox başqa vasitələr nəzərdən keçirilə bilər. Əgər konstitusiya dəyişikliyi şərti prosesi ciddi şəkildə əngəlləyir və uzadırsa, bəlkə də, sülh sazişinin mətninə Ermənistanın lazımi konstitusiya dəyişiklikləri etdiyi zaman sülh müqaviləsinin qüvvədə olacağını və bu düzəlişlər edilməsə, sazişin qüvvədən düşəcəyini bildirən məcburi müddəalar əlavə oluna bilər. Həm Azərbaycan, həm də Türkiyə Aİ-nin prosesə daha az cəlb olunmasını təmin edəcək bəzi addımları da nəzərdən keçirməlidir. Bunlardan biri də sülh müqaviləsi imzalanacağı təqdirdə bu ölkəyə qoyula biləcək türk sərmayələri ola bilər”.
Kənan Novruzov
19:45 31.05.2025
Oxunuş sayı: 6390