Təhsil İnstitutu 2025-2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində metodist kimi fəaliyyət göstərəcək şəxslərin seçimi üçün yenidən “Müasir metodist” müsabiqəsi elan edir.
Crossmedia.az instituta istinadən xəbər verir ki, ölkənin müxtəlif regionlarından sertifikasiya imtahanından uğurla keçən fənn müəllimləri (ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (dövlət dili), ingilis dili, fransız dili, alman dili, rus dili (xarici dil), rus dili və ədəbiyyat, riyaziyyat) və 2025-ci ilin iyun ayında sertifikasiyadan keçəcək olan fənn müəllimləri (coğrafiya, biologiya, kimya, fizika və informatika) müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.
Metodist kimi fəaliyyət göstərmək istəyən namizədlər üçün aşağıdakı meyarlar nəzərə alınır:
-Pedaqoji təhsil;
-Azı 7 illik pedaqoji təcrübə;
-Sertifikasiya balı 51 və 51-dən yuxarı;
-İKT bacarıqları;
-Xarici dil üzrə bilik və bacarıqlar (arzu olunandır).
Qeydiyyatdan keçən və müvafiq tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən müəllimlər “Metodist hazırlığı” təlimlərinə cəlb edilirlər.
Təlimlərdə iştirak edən və uğur qazanmış namizədlər metodik xidmətə cəlb edilirlər.
Sertifikasiya imtahanına cəlb olunmamış, lakin müsahibə mərhələsindən uğurla keçmiş müəllimlərin təlimlərə cəlb olunması onların sertifikasiya balından (51-dən yuxarı bal) asılı olaraq müəyyən ediləcək.
Qeydiyyat iyunun 20-dək davam edəcək.
Əvvəlki müsahibənin nəticələri yaxın günlərdə açıqlanacaq.