Paradda yox, paradoksda gizlənən gerçəkliklər: Mirziyoyevin səssiz, amma qəti mesajı

Moskva şəhərində Qırmızı meydanda keçirilən ənənəvi Qələbə paradı bu il də Rusiya siyasi rəhbərliyi üçün həm güc nümayişi, həm də tərəfdaşlarına sədaqət testi kimi səhnələşdirildi. Lakin hər zaman olduğu kimi bu dəfə də diqqət yalnız paradda nümayiş etdirilən silahlara, hərbi texnikaya və təntənəli çıxışlara yönəlmədi. Gözlər görünməyən detallarda, verilmiş və ya verilməmiş simvolik mesajlarda idi.
Bu simvolik mesajlardan biri də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin geyimində yer almayan, Rusiyanın imperiya ambisiyalarını, işğalçılıq iddialarını özündə əks etdirən Georgi lentidir. SSRİ dövründən miras qalan və Rusiya tərəfindən qələbə simvolu kimi təqdim edilən bu lent, əslində post-sovet məkanında müstəqil dövlətlər üçün rus imperializminin simvoluna çevrilmişdir. Belə bir mərasimdə lentin taxılmaması sadəcə şəxsi seçim deyil, ideoloji mövqe ifadəsidir. Görəsən, bu jest təsadüfidirmi?
Politoloq Natiq Miri məsələ ilə bağlı fikirlərini Crossmedia.az-a açıqlayıb. Politoloq hesab edir ki, Rusiyanın həm hərbi, həm də iqtisadi cəhətdən böhranlı bir dövrdə parad keçirməsi və güc nümayiş etdirməsi Kremlin imperiya düşüncəsinin hələ də aktuallığını qoruduğunu göstərir. Onun sözlərinə görə, parad zamanı Georgi lentinin taxılması və bunun protokol qaydası kimi qonaqlara da tətbiq edilməsi bu xislətin simvolik ifadəsidir. Lakin ekspert bu yanaşmada ciddi ziddiyyətin olduğunu vurğulayıb: “Çünki bu gün Rusiyanın real imkanları imperiya iddiaları ilə uyğun gəlmir. Rusiya Ukrayna bataqlığına elə batıb ki, əgər yaxın zamanlarda atəşkəs və sülh prosesi başlamasa, ilin sonuna qədər Rusiya iqtisadiyyatı olduqca faciəvi vəziyyətə düşə bilər. Artıq Rusiya xaricdən maliyyələşməni və borclanmanı dayandırıb, həmçinin ölkə əhalisinin banklara qoyduğu depozitlərə faktiki olaraq əl qoyaraq bu vəsaitləri müharibəyə xərcləməyə başlayıb. Lakin müəyyən zaman çərçivəsində dövlətin vətəndaşlara bu depozitləri qaytarmaq zərurəti ortaya çıxacaq. Real vəziyyət ondan ibarətdir ki, əhalinin depozitlərinə əl qoyulan məbləğ 1,5 trilyon rubldur”.
Ekspert hesab edir ki, məsələ yalnız iqtisadi çöküşlə məhdudlaşmır. Onun sözlərinə görə, Rusiya Ukrayna müharibəsindən sonra mənəvi, psixoloji və siyasi baxımdan da fərqli bir görüntü yaratmağa çalışır.
“Rusiya özünü daha ədalətli bir dünyanın tərəfdarı kimi təqdim edir, ikiqütblü dünya nizamının aradan qalxmasını və çoxqütblü, ədalətli bir yeni düzənin qurulmasını tələb edir. Bu sistemdə isə öz yerini qlobal güclər arasında bərabərhüquqlu fiqur kimi görmək istəyir”, – deyə politoloq vurğulayıb.
Onun fikrincə, hərbi parad da əslində bu iddianın bir rəmzi olaraq təqdim olunur: “Əgər Rusiya bu güc nümayişini Georgi lentası ilə müşayiət edirsə, bu o deməkdir ki, Rusiya ‘güc faktoru’na xüsusi önəm verir və bu siyasət, yəni işğalçılıq yanaşması davam etdiriləcək. Georgi lentası təkcə İkinci Dünya Müharibəsindəki qələbənin deyil, eyni zamanda böyük Rusiya imperiyasının simvolu kimi təqdim olunur. Bu lentin qəbul edilməsi, onu taxan dövlətlərin və liderlərin sayı, onların Kremlin imperiya siyasətinə hansı formada münasibət göstərdiklərini də ortaya qoyur. Bəzi ölkələr bu lentə rəğbət göstərsələr də, işğalçılıq siyasətini qəbul etməyənlər də var idi”.
Politoloq Natiq Miri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 9 May Moskva paradında Georgi lentini taxmaqdan imtina etməsini təsadüfi jest kimi deyil, dərin siyasi mesaj kimi dəyərləndirib: “Bu addım birbaşa olaraq Özbəkistan dövlətinin milli ideoloji xəttinə sadiqliyinin göstəricisidir.Özbəkistan lideri Georgi lentinin yerinə öz dövlətinin bayrağını sinəsinə taxmaqla açıq şəkildə nümayiş etdirdi ki, onun təmsil etdiyi dövlət artıq keçmiş imperiyanın simvollarına boyun əymək fikrində deyil. Bu, milli ideologiyanın daşıyıcısı olmaq və bunu beynəlxalq səviyyədə ifadə etmək deməkdir”.
Ekspertin fikrincə, Georgi lentinin özü təkcə İkinci Dünya Müharibəsindəki qələbəni deyil, həm də Rusiyanın imperiya keçmişini, keçmiş müstəmləkə dövlətlərinə qarşı hökmranlıq iddiasını təmsil edib: “Bu lent imperiya boyunduruğunun simvoludur və onu taxmaq keçmişdə imperiyanın tərkibində olmuş dövlətlərin hələ də o boyunduruğu qəbul etdiyini göstərir. Özbəkistan prezidentinin bu lenti taxmaqdan imtinası isə əslində həmin boyunduruğu rədd etməyin siyasi ifadəsidir”.
Politoloq eyni yanaşmanı Azərbaycan Prezidenti İlham Əliyevin 9 May paradında iştirak etməməsi ilə də əlaqələndirib. Onun fikrincə, bu hadisəni sadəcə Rusiyanın Azərbaycan təyyarəsinə raket atması ilə əlaqələndirmək doğru olsa da, tam izah sayıla bilməz: “Əsl səbəb daha dərindir. 9 Mayda Moskvada Kremlin meydanında parad keçirilərkən kimlərsə ora tələsirdi, ancaq Azərbaycan Prezidenti həmin gün Qarabağın gözü olan Şuşada idi və paradı məhz orada qəbul edirdi. Bu, çox güclü simvolik anlam daşıyırdı.
Prezidentin 9 Mayda Şuşada olması Azərbaycan dövlətinin artıq sovet və rus ideologiyasından kənarda, öz müstəqil tarixi və qələbə simvolikasını formalaşdırdığını göstərdi. Bu addım Georgi lentası dövrünün sona çatdığını açıq şəkildə ortaya qoydu. Artıq yeni dövr başlayıb. Bu, milli qələbələr dövrüdür və bu qələbələr Azərbaycanın, onun dövlətinin və xalqının zəfərləridir. Prezidentin 9 Mayda Şuşada olması bir rəmz idi. Bu rəmz göstərdi ki, Azərbaycan dövləti yeni tarix yazır. Və bu tarixdə imperiya simvollarına yox, Şuşa kimi müqəddəs şəhərlərə, milli zəfərlərə yer var. Bu addımın arxasında Azərbaycanın müstəqil siyasi və ideoloji mövqeyi dayanır”.
Politoloq Natiq Miri hesab edir ki, əgər Rusiya yeni dünya düzənində öz imperiya gücünü və təsir dairəsini yenidən bərpa etməyə çalışırsa, bu planları anlayan dövlətlər artıq ehtiyat qüvvə və ya yanında dayanan itaətkar peyk olmaq istəmirlər: “Azərbaycan Prezidenti İlham Əliyevin son davranışları da göstərir ki, indi zaman müstəqil və milli ideologiya əsasında siyasət yürütməyin zamanıdır. Bu, Azərbaycanın strateji mövqeyidir və mən düşünürəm ki, bu mövqe bir örnəkdir”.
Natiq Miri bildirib ki, bu davranışlar Rusiya mediasında müəyyən sarsıntılara səbəb olub: “Doğrudur, hələlik dövlət səviyyəsində Azərbaycana qarşı rəsmi və sərt açıqlamalar verilməyib. Lakin Rusiya Dumasının bəzi üzvləri, komitə sədr müavinləri səviyyəsində Azərbaycan ‘dost ölkə’ kimi təqdim olunmur. Bu münasibət, əslində, Azərbaycanın müstəqil siyasətinin yaratdığı narahatlığın ifadəsidir”.
Politoloq deyib ki, Azərbaycan heç bir dövlətin orbitində deyil və bərabərhüquqlu münasibətlər sistemini dəstəklədiyini davamlı şəkildə nümayiş etdirir: “Azərbaycan nə Rusiyanı, nə də başqa bir güc mərkəzini ”mütləq hakim” kimi qəbul edir. Dövlətimiz ikitərəfli münasibətlərin əsasını qarşılıqlı hörmət və suverenliyə əsaslanan əlaqələrlə müəyyənləşdirir. Bu isə, açıq şəkildə, böyük güclərin nüfuz dairəsi siyasətinə alternativ bir yanaşmadır.
Rusiya Prezidenti Vladimir Putinin həm 9 May paradındakı davranışları, həm də ABŞ-la danışıqlarda və Ukrayna müharibəsi kontekstindəki mövqeyi açıq şəkildə göstərir ki, Moskva imperiya maraqlarından əl çəkmək istəmir.Rusiya hələ də keçmişdəki təsir dairələrinə bərabərhüquqlu tərəfdaş kimi yox, “arxa bağça” kimi yanaşır. Kim bu yanaşmanı görmürsə, sadəcə, özünü aldatmış olur”.
Natiq Miri bu kontekstdə Aleksandr Duqinin adını da çəkib: “Bu gün Rusiyada ”Böyük Rusiya” ideologiyası hələ də hökmrandır. Bu ideologiyanın əsas aparıcı qüvvəsi və ideoloqu isə Aleksandr Duqindir. Baxmayaraq ki, Ukrayna müharibəsində Rusiya ordusu və hərbi gücü faktiki olaraq çöküb, rusizmin bu ideoloji xətti hələ də yaşayır”.
Sonda politoloq vurğulayıb ki, Ukraynada baş verənlər Rusiyanın yalnız güc vasitəsilə balanslaşdırıla biləcəyini göstərdi: “Rusiya nə qədər ədalətli münasibət tələb etdiyini bildirsə də, əslində hələ də güc dili ilə danışır. İstər iqtisadi, istər hərbi sahədə, yalnız real müqavimət qarşısında geri çəkilir. Bu gün Rusiya ilə münasibət quran hər bir dövlət və lider anlamalıdır ki, Moskva ilə yalnız balanslı güc mövqeyindən danışmaq mümkündür.
Rusiya hələ də imperiya iddialarından əl çəkməyib və keçirdiyi paradlar da bu düşüncənin davamı kimi qiymətləndirilməlidir. Bu səbəbdən, azad olmaq istəyən və öz siyasi xəttini qoruyan bütün dövlətlər üçün bu, çox ciddi və düşündürücü bir mesajdır”.
Həmayıl Şükürlü
15:47 12.05.2025
Oxunuş sayı: 1794