Türkiyə-ABŞ münasibətləri yüksək səviyyədədir - Politoloq

Beynəlxalq münasibətlər sistemində diplomatik əlaqələrin rolu və qarşılıqlı siyasi dialoqun əhəmiyyəti hər zaman xüsusi önəm daşıyır. Bu baxımdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Tramp ilə qurduğu diplomatik münasibətlərin davam etdirilməsi barədə açıqlaması regional və qlobal miqyasda diqqət mərkəzinə çevrilib.
Ərdoğan jurnalistlərə verdiyi bəyanatda iki ölkə liderləri arasında formalaşan qarşılıqlı etimad mühitinin qorunmasının vacibliyini vurğulayıb. O, Qəzza bölgəsində toqquşmaların sona çatmasının və bu barədə məlumatın ABŞ Prezidenti Donald Tramp tərəfindən elan edilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Türkiyə lideri həmçinin bildirib ki, tərəflər arasında telefon diplomatiyası vasitəsilə əlaqələr davam etdiriləcək və bu qarşılıqlı dialoq beynəlxalq məsələlərin sülh yolu ilə həllinə mühüm töhfə verəcək.
Məsələ ilə bağlı siyasi şərhçi Aytən Qurbanova Crossmedia.az-a danışıb:
"Kifayət qədər yüksək səviyyədə olan bu münasibətləri inkişaf mərhələsinin kulminasiya dövrü kimi qiymətləndirmək olmaz. Çünki iki lider arasında formalaşmış şəxsi münasibətlər təbii olaraq iki dövlət arasındakı əlaqələrə də birbaşa təsir göstərir. Digər tərəfdən, NATO çərçivəsində Türkiyə ilə ABŞ arasındakı münasibətlərin xarakteri hamıya məlumdur. Orta Şərqdə gedən proseslər fonunda bu münasibətləri dəyərləndirdikdə regionda yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması istiqamətində atılan addımlarda hər iki tərəfin orta və uzlaşan yanaşmalara sahib olduğu aydın görünür.
Politoloq Qəzza məsələsinin həllində Türkiyə ilə ABŞ-nin birgə fəaliyyət göstərməsinin bu əlaqələrə bariz sübut olduğunu qeyd edib:
"Suriya nümunəsi bunun bariz göstəricisidir. Qəzza zolağında baş verən hadisələrdə də Türkiyənin fəal iştirakı, habelə danışıqlar masasında vasitəçi rolunda çıxış etməsi bu dövlətin sülh quruculuğu prosesində mühüm rol oynadığını təsdiqləyir. Bu baxımdan demək mümkündür ki, Qəzza məsələsində də Türkiyə və ABŞ mühüm tərəfdaş qismində çıxış edirlər. Belə bir mərhələdə, Orta Şərq siyasətində həm Türkiyənin, həm də ABŞ-nin paralel şəkildə atdığı addımlar regionda ciddi dəyişikliklərə səbəb ola bilər. Ümumilikdə Türkiyə–ABŞ münasibətləri regional münasibətlər sisteminə və təhlükəsizlik arxitekturasının formalaşdırılmasına əhəmiyyətli dərəcədə təsir göstərən əsas amillərdən biridir".
Elmir Heydərli
23:46 17.10.2025
Oxunuş sayı: 1053