Heydər Əliyevlə dəfələrlə görüşən əfsanəvi hərbçi: "Ulu Öndərin həmin baxışlarını unuda bilmirəm"

"Ulu Öndər Heydər Əliyev kimi şəxsiyyətlər az- az dünyaya gəlir. Onun dövlətçilik təfəkkürü, idarəetmə bacarığı və xalqını böyük faciələrdən qurtarmaq qabiliyyəti sayəsində Azərbaycan tarixində yeni bir dövr başladı. Heydər Əliyevin həyat və fəaliyyəti haqda çoxsaylı kitablar, filmlər, şeirlər və mahnılar yaranıb".
Bu fikirləri Crossmedia.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
O qeyd edib ki, zaman keçdikcə, tarix irəlilədikcə və Azərbaycan yeni uğurlar qazandıqca, bu nailiyyətlərin təməlində məhz Ulu Öndərin qoyduğu əsasların olduğunu daha aydın şəkildə görmək mümkündür: “Xüsusilə, torpaqların işğaldan azad olunması ilə nəticələnən Qələbə yolunun başlanğıcında məhz onun olduğunu bildirib. Azərbaycan Ordusunun ilk böyük uğurlarından biri 1994-cü ilin yanvarında – Ulu Öndərin Ali Baş Komandanlığı dövründə keçirilən və tarixə Horadiz əməliyyatı kimi düşən hərbi əməliyyat olub. Bu əməliyyat nəticəsində 22 yaşayış məntəqəsi, o cümlədən Horadiz qəsəbəsi azad edilib. Bu əməliyyat Azərbaycan Ordusunun nəyə qadir olduğunu nümayiş etdirib və Ermənistana atəşkəsə məcbur edən əsas səbəblərdən biri olub. Ulu Öndərin rəhbərliyi ilə ordumuzun uğurlu əks-hücum əməliyyatı həyata keçirməsi, regionda sülh üçün əsas zəmin yaradan addım idi. Bu uğur Ermənistanı atəşkəs razılaşmasına getməyə məcbur etdi. Bu əməliyyatdan sonra Azərbaycan Ordusu sistemli şəkildə formalaşdırılmağa başladı və hər mərhələsində Heydər Əliyevin əməyi vardı”, – deyə Ramaldanov bildirib.
Ekspert əlavə edib ki, 2020-ci ildə baş verən Vətən müharibəsində Azərbaycan Ordusunun əsas zərbəni cənub istiqamətindən vurması təsadüfi deyildi. O istiqamət məhz Horadiz əməliyyatında əldə edilən qələbənin davamı idi: “Ulu Öndərin qoyduğu yol uğurlu oldu. O zaman kiçik görünən, amma strateji baxımdan böyük əhəmiyyət daşıyan Horadiz əməliyyatı, sonradan Qarabağ uğrunda böyük qələbəyə çevrildi. Ulu Öndərin ordu quruculuğunda şəxsi iştirakını da xüsusi vurğulanmalıdır. Heydər Əliyev döyüş təlimlərində şəxsən iştirak edir, hərbi hissələrin vəziyyəti ilə yerində tanış olurdu. Onun hərbi bilikləri, sovet dövründə general rütbəsinə qədər yüksəlməsi və milli təhlükəsizlik sahəsindəki təcrübəsi onu yalnız siyasi deyil, eyni zamanda peşəkar hərbi liderə çevirmişdi.
Müsahibimiz xatirələrini də bölüşərək bildirib ki, onun Ulu Öndərlə ilk görüşü Naxçıvanski adına Hərbi Liseyində olub: “O zaman Heydər Əliyev liseyin tədbirində iştirak edərkən bayraqdarlardan biri kimi Heydər Əliyevlə söhbət etmişdim. Bizə elə baxırdı ki, sanki doğma övladlarıyıq. Mən o baxışları unuda bilmirəm”.
Polkovnik qeyd edib ki, Ulu Öndər Azərbaycan müstəqillik qazandıqdan
sonra ölkəyə peşəkar hərbçilərin lazım olacağını əvvəlcədən görürdü: “Naxçıvanski
adına hərbi liseyinin açılması ilə həmin ehtiyac ödənilməyə başladı. İllər
sonra o, bu liseyin ilk məzunu kimi Seyfəliköy təlim mərkəzində Ulu Öndərin
iştirak etdiyi təlimlərdə iştirak edib. Ulu Öndər hər bir təfərrüata qədər
maraqlanırdı. Şəxsi heyətin yerləşdiyi mağaraları belə şəxsən gəzir, onların şəraitini
özü yoxlayırdı. Hətta aşpazdan yeməyi göstərməsini istəyib, diqqətlə
yoxlayırdı. O, belə lider idi – diqqətli, prinsipial və xalqı üçün çalışan”, –
deyə ekspert bildirib.
Ramaldanov vurğulayıb ki, Ulu Öndər Azərbaycan Ordusunu gələcək
işğaldan azadetmə əməliyyatlarına hazırlayırdı. “O deyirdi: biz işğal olunmuş
torpaqlarımızı mütləq azad edəcəyik, biz ora qayıdacağıq. Bu, onun siyasətinin
mahiyyəti idi. Bu gün Azərbaycanın Vətən
müharibəsində qazandığı zəfər və müasir ordunun formalaşması məhz Heydər
Əliyevin əsasını qoyduğu siyasətin davamıdır. Prezident İlham Əliyev atasının vəsiyyətini
yerinə yetirdi. O, bu ordunu müasir prinsiplərlə gücləndirdi və qalib orduya
çevirdi. Azərbaycan Ordusu bu gün dünyanın 52-ci ən güclü ordusu kimi qiymətləndirilir”.
Sonda o deyib ki, 9 May – Qələbə Günü münasibətilə qeyd edilən
faşizm üzərində qələbənin ildönümü həm də Azərbaycan xalqının 2020-ci ildə erməni
faşizmi üzərində qazandığı qələbə ilə tamamlanır: “Bu qələbə Azərbaycanın tarixi şərəfidir və bu
tarix Ulu Öndərin dövlətçilik təməlində yazılıb”.
Fatimə Nəbiyeva
14:59 09.05.2025
Oxunuş sayı: 3290