Vəziyyət göründüyündən daha mürəkkəbdir: Rusiya-Ukrayna savaşı "hələ çox su aparacaq"

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin diplomatik həlli istiqamətində irəliləyişin əldə olunduğunu açıqlayıb. Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp, bu məsələdə ciddi səylərin göstərildiyini və prosesin müsbət istiqamətdə inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, əgər münaqişəni dayandırmaq mümkün olsa, bu, böyük uğur sayılacaq.
Dövlət başçısı xüsusi elçisi Stiven Uitkoffun həm Rusiya, həm də Ukrayna ilə əlaqələr quraraq davamlı danışıqlar apardığını vurğulayıb. Tramp əlavə edib ki, Uitkoffun hər iki ölkə ilə yaxşı münasibətləri ABŞ üçün əlavə imkanlar yaradır və bu fonda razılaşmaya nail olunması ehtimalı real görünür.
Prezident, həmçinin Vaşinqtonun Ukrayna ilə təbii sərvətlər sahəsində əldə etdiyi razılaşmanın Kiyevə dəstək üçün ayrılmış vəsaitlərin müəyyən hissəsinin geri qaytarılması anlamına gəldiyini qeyd edib. Trampın sözlərinə görə, bu yanaşma həm ABŞ-ın, həm də Ukraynanın maraqlarına xidmət edir.
Bununla yanaşı, ABŞ lideri böhranın həlli istiqamətində Çindən də dəstək istəməyi planlaşdırdığını bəyan edib. O, bu məqsədlə Çin rəhbərliyi ilə əməkdaşlığa açıq olduğunu bildirib və bu istiqamətdə diplomatik kanallar vasitəsilə iş aparıldığını qeyd edib.
Siyasi şərhçi Kənan Novruzov Crossmedia.az-a açıqlamasında ABŞ liderlərinin səsləndirdiyi fikirləri təhlil edib: "Onun bu bəyanatı Vaşinqtonun Ukrayna ilə bağlı atdığı addımların təsadüfi olmadığını göstərmək məqsədi daşıyır. Tramp, xüsusilə Ukrayna ilə təbii sərvətlərin hasilatına dair imzalanmış sazişi nümunə göstərərək bu kimi təşəbbüslərin həm ABŞ-ın, həm də Ukraynanın maraqlarına uyğun olduğunu vurğulayıb. Lakin müşahidəçilər hesab edir ki, Trampın təqdim etdiyi mənzərə reallığı tam əks etdirmir. Münaqişə bölgəsində hələlik heç bir sabit irəliləyiş müşahidə olunmur. Əksinə, proseslərin hazırkı şəkildə davam etməsi müharibənin daha da genişlənməsi riskini artırır. Bunun fonunda Avropa İttifaqı Ukraynaya dəstəyini gücləndirməyə davam edir. Avropa Ukraynaya 1 milyard avro həcmində əlavə maliyyə yardımı ayırır. Bu yardımın məqsədi müharibənin tezliklə başa çatmasının qarşısını almaqdır. Çünki münaqişənin sona çatması halında Rusiya bir sıra Avropa ölkələri, xüsusilə də qonşuları üçün yenidən ciddi təhlükə mənbəyinə çevrilə bilər".
Müsahibimizin sözlərinə görə, hazırda Avropa ilə ABŞ arasında Ukrayna məsələsində maraq fərqləri daha qabarıq şəkildə hiss olunur: "Avropa İttifaqı Vaşinqtonun mümkün diplomatik təşəbbüslərinin qarşısını almağa çalışır və bu, ABŞ–Avropa münasibətlərində gərginlik yaradaraq daha ciddi geosiyasi risklərə yol aça bilər. Trampın münaqişənin həllində Çin liderindən dəstək istəyəcəyini bildirməsi də bu çətinliklərin göstəricisi kimi dəyərləndirilir. Belə görünür ki, ABŞ bu böhranın tənzimlənməsində artıq təkbaşına hərəkət edə bilməyəcəyini anlayır və Pekinin vasitəçiliyinə ehtiyac duyur. Tramp Çini prosesə cəlb etməklə həm ABŞ-ın, həm də Çinin maraqlarını əhatə edən diplomatik ticarətə çalışacaq. Bu çərçivədə müəyyən güzəştlər qarşılığında Pekinin də dəstəyi əldə oluna bilər. Çinin Rusiya üzərindəki təsir imkanları da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, ABŞ-ın bu yolla Avropanın Ukraynaya artan dəstəyini balanslaşdırmağa çalışdığı ehtimal edilir. Hazırkı vəziyyət münaqişənin sabit və davamlı atəşkəslə nəticələnəcəyinə ümid vermir. Əksinə, qarşıdurmanın daha da dərinləşəcəyi və geosiyasi qarşıdurmaların artacağı ehtimalı daha yüksək qiymətləndirilir".
Ləman Həsənova
11:35 09.05.2025
Oxunuş sayı: 1112