Romada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib



Azərbaycanın İtaliyadakı səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, ölkəmizin İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə bu ölkədə yaşayan və təhsil alan həmvətənlərimiz iştirak ediblər.
Mədəniyyət mərkəzinin direktor müavini Gülnar Tağızadə Ulu Öndərin ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və inkişafındakı misilsiz xidmətlərindən danışıb.
Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin ölkəmizin müstəqilliyinin bərpa olunması, suverenliyini möhkəmləndirməsi, tərəqqisi və inkişafında göstərdiyi əvəzsiz xidmətləri qeyd edib. Səfir Ulu Öndərin Azərbaycan tarixindəki mühüm rolu, müstəqilliyimizə qarşı yönəlmiş təhdidlərin qarşısının alınması, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması, dövlət institutlarının qurulması, ölkəmizin sosial-iqtisadi tərəqqi və dayanıqlı inkişaf yoluna qədəm qoyması, beynəlxalq münasibətlər sisteminə inteqrasiyası, regional və beynəlxalq nüfuzunun təmin olunması istiqamətində həyata keçirdiyi strategiya barədə söhbət açıb.
Diplomat Ulu Öndərin Azərbaycanın müstəqil, müasir və bölgənin güclü dövlətinə çevrilməsi istiqamətində yorulmaz fəaliyyətindən danışıb. Bildirilib ki, Ümummilli Lider müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu kimi hər zaman xalqımız tərəfindən dərin ehtiramla anılır. Müstəqilliyimizin təhlükə altında olduğu bir dövrdə Ümummilli Liderin xalqımızın rifahı və müstəqilliyimizin qorunması üçün göstərdiyi fədakarlıq, beynəlxalq əməkdaşlığın qurulması üçün nümayiş etdirdiyi güclü iradə minnətdarlıqla yaddaşlarımızda qalacaq. Eyni zamanda, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gənclərin inkişafına xüsusi diqqət yetirdiyi, xüsusən onların xaricdə təhsil almasını təşviq etdiyi və bu siyasətin bu gün də dövlətimiz tərəfindən ən yüksək səviyyədə həyata keçirildiyi vurğulanıb.
Rəşad Aslanov ölkəmizin təkcə regionda deyil, dünya miqyasında nüfuz və etibar qazanmasında, torpaqlarımızın işğaldan azad edilməsində Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin və irsinin böyük rolunun olduğunu vurğulayıb. Səfir otuz il ərzində işğal altında qalan torpaqlarımızın azad edilməsinin Heydər Əliyevin ən böyük arzusu olduğunu, bizim isə bu gün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin misilsiz diplomatik və hərbi səyləri nəticəsində o arzunun reallaşdığının şahidi olduğumuzu deyib.
Səfir Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş, müstəqil siyasət yürüdən, regional təhlükəsizliyi və əmin-amanlığı təşviq edən, qlobal layihələrin təşəbbüskarı və icraçısı olan qüdrətli dövlətə çevrildiyini vurğulayıb.
Tədbirin bədii hissəsində İtaliyada yaşayan opera sənətçisi Çinarə Şirinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
14:42 08.05.2025
Oxunuş sayı: 792