Dünyada silahlanma yarışı müşahidə olunur: Azərbaycan və Belarus...

Bu günlərdə Bakıda səfərdə olan Belarusun Baş naziri Aleksandr Turçinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində olan Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus yaxın gələcəkdə Azərbaycanla birgə hərbi sənaye məhsulları istehsal olunacağını bildirib.
Onun sözlərinə görə, hazırda tərəflər Azərbaycan ərazisində hərbi təyinatlı məhsulların istehsalının təşkili üzrə birgə layihələri müzakirə edirlər.
Belarus və Azərbaycanın birgə hərbi sənaye məhsullarının istehsal etməsi ilə bağlı Crossmedia.az saytına açıqlama verən hərbi ekspert Azər Bayramov iki ölkə arasında müdafiə sənayesi sahəsindəki əməkdaşlığın uzun illərə əsaslandığını bildirib: "Xüsusilə qarşı tərəfin orta və uzaqmənzilli taktiki-əməliyyat raketlərinin istehsalı, artilleriya vasitələri, hava hücumundan müdafiə sistemləri və radioelektron təhlükəsizliyin təmin olunması üçün radioelektron mübarizə vasitələrinin hazırlanması sahəsində kifayət qədər təcrübəyə malik olduğunu demək mümkündür. Təbii ki, Azərbaycanın da müdafiə sənayesi məhsulları bu gün dünya səviyyəsində tanınır. Bildiyimiz kimi, ölkəmizdə minə yaxın adda və çeşiddə müdafiə sənayesi məhsulları istehsal olunur və bu məhsullar dünyanın bir çox ölkələrinə ixrac edilir. Bu nailiyyətlər Azərbaycanın, yalnız Belarus deyil, digər ölkələr üçün də bu sahədə əməkdaşlıq baxımından cəlbedici tərəfdaş olduğunu göstərir".
Hərbi ekspert Belarusla müdafiə sənayesi sahəsində əməkdaşlığın gələcəkdə də müsbət perspektivlər vəd etdiyini qeyd edib: "Hər iki tərəfin bir-birinin təcrübəsindən faydalanması və bu təcrübənin qarşılıqlı paylaşılması hər iki ölkədə müdafiə sənayesinin inkişafına şərait yaradacaqdır. Azərbaycan bu sahədə başda qardaş Türkiyə olmaqla dünyanın bir çox ölkələri ilə uğurlu əməkdaşlıq həyata keçirir və bu əməkdaşlıqlar yüksək qiymətləndirilməlidir. Belarusun da bu ölkələr sırasına daxil olması Azərbaycanın, digər sahələrdə olduğu kimi, müdafiə sənayesi sahəsində də aparıcı ölkələr sırasında yer almasına ciddi töhfə verəcəkdir".
Sonda A.Bayramov bildirib ki, mövcud dövrdə dünyanın bir çox bölgəsində ciddi qarşıdurmalar müşahidə olunur və bu proseslərin nəticəsində ölkələrin silahlanmaya xüsusi diqqət ayırdıqları aydın görünür: "Belə bir şəraitdə Azərbaycanın müdafiə sənayesi məhsulları ilə öz tələbatını ödəməklə yanaşı, bu məhsulları ixrac etməsi də dövlətimizin gücünü bir daha nümayiş etdirir. Məhz bu sahədə əldə edilən uğurlar gələcəkdə digər ölkələrlə də əməkdaşlıq üçün əlverişli imkanlar yaradacaqdır".
Pərvin Hacıyeva
13:21 08.05.2025
Oxunuş sayı: 784