Ərdoğanla Tramp arasındakı telefon danışığında Cənubi Qafqaz məqamı: Rəsmi məlumatda açıqlanmamışdı

ABŞ Prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl baş tutan telefon danışığı hələ də beynıəlxalq gündəmin əsas mövzularındandır. Belə ki, iki NATO müttəfiqinin liderlərinin müzakirəsi sadəcə telefon danışığı deyildi. Aydındır ki, dövlət başçıları həm də gələcək əməkdaşlığın "yol xəritəsini" müzakirə ediblər.
Bu barədə Crossmedia.az-a danışan türkiyəli politoloq Hüsametdin İnaç bu telefon danışığının nadir bir diplomatik hadisə olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu dəfə təşəbbüs birbaşa Trampdan gəlib və söhbət zamanı hər iki lider bölgədəki bütün əsas məsələlərə toxunub: "Trampın hakimiyyətə gəldiyi gündən bəri sərgilədiyi sərt və maksimalist mövqeyə baxmayaraq, Ərdoğana qarşı həmişə xüsusi hörmətlə yanaşması, Türkiyəyə verdiyi önəmi ortaya qoyur. Danışıqlarda əsas diqqət Rusiya-Ukrayna müharibəsinə yönəlib və Türkiyənin bu sahədəki unikal mövqeyi bir daha ön plana çıxıb. Ankara daha əvvəl taxıl dəhlizinin yaradılması, əsir mübadiləsi və tərəflər arasında diplomatik vasitəçilik kimi bir sıra əhəmiyyətli təşəbbüslərlə çıxış edib. Tramp isə bu proseslər fonunda sülhün təminində Ərdoğanı açar fiqur kimi görür. Digər önəmli istiqamətlərdən biri isə Suriya məsələsidir. ABŞ-nin PKK/YPG-yə dəstəyi və İsrailin Suriyanın cənubundakı siyasəti Türkiyə üçün ciddi təhlükə mənbəyidir. Bu proseslər, xüsusilə də müstəqil kürd dövləti yaratmaq məqsədi ilə keçirilən regional konqreslər, Türkiyənin milli təhlükəsizliyi üçün böyük təhdid hesab olunur".
Politoloq hesab edir ki, Türkiyənin indiki mərhələdə susqunluq nümayiş etdirməsi təsadüfi deyil və bu, ABŞ ilə aparılan arxa qapı diplomatiyasının nəticəsidir: "Türkiyə Suriyada əldə etdiyi mövqeləri bir anda itirməyi qəbul etmir və bu səbəbdən də diplomatik manevrlərlə situasiyanı öz xeyrinə yönəltməyə çalışır. Yaxın zamanda Ərdoğan və Tramp arasında görüşün də baş tutması gözlənilir. Bu, ya Vaşinqtonda, ya da Trampın Yaxın Şərq səfəri çərçivəsində Türkiyəyə edəcəyi ziyarət zamanı reallaşa bilər. Görüş zamanı Qəzza, Suriya, Yəmən, Orta Doğunun yenidən dizaynı və İsrailin təcavüzkar siyasətləri kimi önəmli məsələlərin müzakirə ediləcəyi ehtimal olunur. Bu dialoqlar eyni zamanda Türkiyənin bölgədəki təsirini artırmaqla yanaşı, Azərbaycanla əlaqələrə də müsbət təsir göstərəcək. Çünki Yaxın Şərqdə güclənən Türkiy Cənubi Qafqazda da daha aktiv rol oynaya və Ermənistanın sülh sazişinə imza atmasını asanlaşdıra bilər. Türkiyə bu mərhələdə geopolitik səbir nümayiş etdirərək Tramp ilə əməkdaşlıq yolu ilə həm Suriyada, həm də Qafqazda daha güclü şəkildə öz mövqelərini qorumağa çalışır".
Bənövşə Zahidli
11:46 08.05.2025
Oxunuş sayı: 1701