Xarəzmli nasir Məhəbbət Səfanın “Ömür hekayətləri” Azərbaycan dilində nəşr edilib

Xarəzmli nasir Məhəbbət Səfanın “Ömür hekayətləri (hekayə və şeirlər)” kitabı Bakıda çapdan çıxıb.
Crossmedia.az xəbər verir ki, kitabdakı hekayə və şeirləri özbəkcədən Azərbaycan dilinə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, Özbəkistanın “Dostluq” ordeni laureatı Almaz Ülvi Binnətova tərcümə edib. Kitabın redaktoru isə dosent Şəhla Məcidovadır. Kitab tərcüməçinin “Lirik – romantik hekayətlərin poetikası (Məhəbbət Səfanın yaradıcılığına nəzər)” adlı “Ön söz”ü ilə açılır: “Yaradıcılıq mənəvi yetkinliyin bəhrəsi hesab olunur. Yalnız onun məzmunu ümumbəşəri ideyalardan ibarət olarsa, o, tanınmağa layiq sayılır. Bu topludakı esselər, hekayələr, romanlar və şeirlər ətrafımızda yaşayan və ya yaşamış insanların yazılarından bəhs edir. Bu sözlər sadəcə deyilmir, nidaya, fəryad və mahnıya çevrilərək şüurunuza tökülür. Yalnız bundan sonra müəllif adlanan mürəkkəb varlığın, insan varlığının nə qədər qiymətli və hörmətə layiq olduğunu dərk etməyə başlayırsan”.
“Ön söz”də müəllifin yaradıcılıq xüsusiyyətləri təhlil edilib: “Məhəbbət xanımın bu kitabına toplanmış nəsri məni valeh etdi. Mənə elə gəldi ki, bu əsərlərin hamısı bir qızın, bir qadının həyat hekayətlərindən ibarətdir. O körpə qızın – valideynləri tərəfindən nənəsinin himayəsinə verilmiş bir qızcığazın həyat hekayətləridir. Kitabın adı da məhz buradan yaranmışdır. Nənəsinin qucağında, ətəyində, yan-yörəsində böyüyən qızcığaz əslində həyatın tam içində böyüyürdü. Olar-olmazı dərk edərək böyüyürdü. Gecələr də nənəsinə sığınıb yatan elə nənəsinin hikmətli nağıllarının qəhrəmanlarından birinə çevrilmişdi. Lirik “mən” əslində memuar xatirələrini hekayətlər – kiçik-kiçik hekayətlər şəklində ortaya qoymuşdu. Böyük düşüncələr kontekstində kiçik adam obrazındakı cizgilər real həyat lövhələrindən götürülsə də, oradakı notlar romantik hisslərlə doludur”.
19:28 07.05.2025
Oxunuş sayı: 989