Deputat: “Ulu Öndər Heydər Əliyevin xatirəsi hər zaman hörmət və ehtiramla yad ediləcək”

Ulu öndər Heydər Əliyev Azərbaycanın müasir dövlətçilik tarixində əvəzsiz rol oynamış liderdir. Onun siyasi uzaqgörənliyi və qətiyyəti ölkənin inkişafının əsasını qoyub. Həm Sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanın tərəqqisi onun adı ilə sıx bağlıdır. Bu gün də həyata keçirilən dövlət strategiyası məhz Ulu Öndərin əsasını qoyduğu yolun davamıdır. Məhz bu xidmətlərinə görə hər il mayın 10-da — Ulu Öndərin doğum günündə onun əziz xatirəsi ehtiramla yad olunur.
Deputat Aydın Hüseynov Crossmedia.az-a açıqlamasında bildirib ki, ümummilli lider Heydər Əliyev bütün mənalı həyatını Azərbaycan xalqının inkişafına həsr edib. Onun 1969-cu ildə siyasi hakimiyyətə gəlişindən əvvəl Azərbaycan Sovet İttifaqı respublikaları arasında iqtisadi göstəricilər baxımından ən geridə qalanlardan biri idi və əsasən aqrar ölkə kimi tanınırdı.
Aydın Hüseynov qeyd edib ki, Ulu Öndərin rəhbərliyi ilə qısa müddətdə Azərbaycanın sənaye potensialı gücləndirildi, respublika sənaye ölkəsinə çevrildi. Ölkənin iqtisadiyyatında və digər sahələrində ciddi inkişaf mərhələsi başladı, elm, təhsil və mədəniyyət sahələrində mühüm addımlar atıldı. Nəticədə Azərbaycan SSR ittifaq daxilində ən inkişaf etmiş respublikalar sırasına daxil oldu.
“Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidməti müstəqil və güclü Azərbaycan dövlətinin qurulmasıdır” – deyə deputat vurğulayıb.
Deputat diqqətə çatdırıb ki, 1993-cü ildə ölkənin dərin iqtisadi, siyasi və sosial böhranla üzləşdiyi bir vaxtda xalqın təkidli tələbi ilə Ulu Öndər yenidən hakimiyyətə qayıtdı və qısa müddətdə siyasi sabitliyə nail olundu.
A.Hüseynov vurğulayıb ki, həmin dövrdə torpaqlarımızın 20 faizi işğal altında idi, inflyasiya yüksək faizə çatmışdı, ölkədə çörək qıtlığı hökm sürürdü və vətəndaş qarşıdurması baş vermişdi. Belə bir şəraitdə Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində vəziyyət sabitləşdirildi, ciddi iqtisadi islahatlara start verildi.
Deputat əlavə edib ki, iqtisadi islahatlar çərçivəsində MDB məkanındakı respublikalarla əlaqələr quruldu, özəlləşdirmə proqramları həyata keçirildi, pul siyasəti müəyyənləşdirildi, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə əməkdaşlığa başlanıldı. Bu dövrdə ən mühüm addımlardan biri isə neft strategiyasının formalaşdırılması oldu.
Aydın Hüseynov bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması üçün imzalanan “Əsrin müqaviləsi” ölkənin iqtisadi inkişafının təməlini qoydu. 1995-ci ildə ilk dəfə olaraq ümumi daxili məhsulda 0,1 faiz artım qeydə alındı və növbəti illərdə davamlı inkişaf istiqamətləri müəyyən edildi.
Aydın Hüseynov “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi və Neft Fondunun yaradılması Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynadı” – deyə vurğulayıb.
A.Hüseynov qeyd edib ki, ərzaq təhlükəsizliyi və milli təhlükəsizlik sahəsində də fundamental proqramlar həyata keçirildi. Bu gün əldə etdiyimiz bütün nailiyyətlər Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Prezident İlham Əliyev həmin strategiyanı uğurla davam etdirərək Azərbaycanı dünyada tanınan və qəbul edilən dövlətə çevirib.
Sonda Aydın Hüseynov bildirib ki, Azərbaycanın ən böyük uğurlarından biri də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasıdır. Bu gün Azərbaycan regionda iqtisadi, siyasi və hərbi baxımdan güc mərkəzidir.
Deputat əlavə edib ki, Ulu Öndərin müəyyən etdiyi hədəflər və strateji xətt bu gün də davam etdirilir və gələcək nəsillər tərəfindən daha da yüksək qiymətləndiriləcək. Onun xatirəsi hər zaman hörmət və ehtiramla yad ediləcək.
Fatimə Nəbiyeva
18:18 07.05.2025
Oxunuş sayı: 1117