İsrail Sanadakı beynəlxalq hava limanına zərbələr endirib

İsrail Yəmənin paytaxtı Sanada yerləşən beynəlxalq hava limanını ağır hava zərbələri ilə hədəfə alıb. Hücumlar əvvəlki gecə İsrail və ABŞ tərəfindən Qırmızı dəniz sahilində yerləşən Hodeyda liman şəhərinə həyata keçirilən aviazərbələrin ardınca baş verib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Sanadakı hava limanı tamamilə dağıdılıb. Hədəfə alınan zərbələr nəticəsində hava limanının əsas terminalı, bütün mülki təyyarələr və inzibati binalar məhv edilib. Hadisə zamanı tələfatla bağlı dəqiq məlumat verilməyib, lakin dağıntıların miqyasının böyük olduğu bildirilir.
Hücumun səbəbləri ilə bağlı rəsmi açıqlama verilməsə də, bəzi beynəlxalq müşahidəçilər bunu Yəməndəki husilərin İsrailə qarşı artan təzyiqləri və Qəzza ilə həmrəylik aksiyaları ilə əlaqələndirirlər. Qeyd olunur ki, son həftələr ərzində husilər Qırmızı dənizdə İsrailə aid gəmiləri hədəfə alan bir sıra hücumlar həyata keçiriblər.
Yəmənin hava məkanının artıq uzun müddətdir kommersiya uçuşlarına bağlı olduğu bildirilir. Lakin Sanadakı hava limanı humanitar yardımlar və yerli səfərlər üçün vacib nəqliyyat nöqtəsi sayılırdı. Hücum bu baxımdan bölgədəki humanitar vəziyyəti daha da ağırlaşdıra bilər.
Beynəlxalq təşkilatlar və bir sıra ölkələr Yəməndə mülki obyektlərin hədəfə alınmasından narahat olduqlarını bildiriblər. Onlar tərəfləri münaqişənin genişlənməməsi və humanitar hüquqlara hörmətlə yanaşmağa çağırırlar.
18:13 06.05.2025
Oxunuş sayı: 890