Türkiyəli politoloq: "Ermənistanın baş naziri Azərbaycanın tələblərini qəbul etdi, lakin..." - Sensasion müsahibə

Dünyada baş verən geosiyasi hadisələr sürətlə mürəkkəbləşir, hər gün yeni toqquşmaların və gərginliklərin ortaya çıxdığı bir mühitdə, beynəlxalq münasibətlər daha çətin və qeyri-müəyyən bir hala gəlir. Strateji maraqların kəsişdiyi bölgələrdə, dövlətlər arasında güc mübarizələri getdikcə intensivləşir. Diplomatik yollarla sülhə nail olmaq isə, bəzən mümkün olmur və münaqişələr, təhlil edilən məsələlərin hələ də həll olunmamış qalmasına səbəb olur. Bu mürəkkəb proseslər, dünya miqyasında böyük bir narahatlıq yaradır və yeni yanaşmaların tapılması zərurətini gündəmə gətirir.
Türkiyəli politoloq İsmail Şahin dünyada baş verən siyasi proseslərlə bağlı Crossmedia.az-a geniş müsahibə verib:
-Azərbaycan torpaqlarının azad olunmasından beş il keçməsinə baxmayaraq, Cənubi Qafqazda hələ də sülh tam təmin olunmayıb. Sizcə bu nə ilə bağlıdır?
-Ermənistan və Azərbaycan arasında hələ də tammiqyaslı bir sülh sazişi imzalanmayıb. Tərəflər bəzi əsas məsələlərdə yaxınlaşsa da, ciddi fikir ayrılıqları hələ də qalır. Ermənistanda, xüsusilə müxalifət və diaspora çevrələrində Qarabağın tamamilə Azərbaycana verilməsini hələ də qəbul etməyən güclü bir kəsim mövcuddur. Bu vəziyyət Ermənistan hökumətinin sülh prosesində daha ehtiyatlı və yavaş addımlar atmasına səbəb olur.
Azərbaycan Prezidenti İlham Əliyev isə sülhün əldə olunması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini və ATƏT-in Minsk Qrupunun ləğvini şərt kimi irəli sürür. Azərbaycan lideri bildirir ki, Ermənistan Konstitusiyasında hələ də “Dağlıq Qarabağın Ermənistanla birləşməsi” ilə bağlı ifadələr yer alır və bu da Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanımasına mane olur. Onun fikrincə, Ermənistan bu iddiaları Konstitusiyasından çıxarmadıqca, həqiqi sülh mümkün olmayacaq. Yəni o, təkcə şifahi deyil, hüquqi və konstitusion səviyyədə də Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilməsini tələb edir. Bununla yanaşı, Azərbaycan Prezidenti 1990-cı illərdən etibarən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun artıq “faktiki və hüquqi” baxımdan ləğv olunmalı olduğunu deyir. Çünki onun fikrincə, Qarabağ məsələsi artıq həll olunub və Minsk Qrupu mənasını itirib. Qeyd edək ki, Minsk Qrupuna ABŞ, Fransa və Rusiya həmsədrlik edirdi və xüsusilə Fransanın Ermənistana verdiyi açıq dəstək Azərbaycan tərəfindən tərəfsizlik prinsipinin pozulması kimi qiymətləndirilir.
-Ermənistan sülhə hazır olduğunu bildirsə də, konstitusiya dəyişikliyindən bəhs etmir. Azərbaycanın əsas tələbi isə məhz bu dəyişikliyə aiddir. Bəs İrəvanın bu ziddiyyətli mövqeyinin səbəbi nədir?
-2020-ci ildəki müharibədən sonra Ermənistan, məğlubiyyətin nəticələrini aradan qaldırmaq üçün ciddi səylər göstərdi. Bu müddətdə, Qarabağ münaqişəsinin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransadan dəstək almağa çalışdı. Lakin Rusiya və ABŞ Ermənistanın tərəfində açıq şəkildə yer almaqda tələsmədilər. Fransanın isə ermənipərəst mövqeyi Azərbaycanla münasibətlərin gərginləşməsinə səbəb oldu. 2022-ci ildə Ukraynada müharibənin başlaması və Rusiyanın Ermənistana dəstək verməkdən imtina etməsi ilə birlikdə, Ermənistan üçün təhlükəsizlik və gələcək baxımından yeni bir dövr başlandı. Nəticə etibarilə, Ermənistanın baş naziri Nikol Paşinyan, ölkəsinin başqa alternativi olmadığına və Azərbaycanla sülh sazişi imzalamağın Ermənistanı qoruyacağına inanaraq, Azərbaycanın tələblərini qəbul etməyə qərar verdi. Lakin indi yeni bir maneə meydana çıxıb. Rusiyanın xeyrinə olacaq bir atəşkəsin Cənubi Qafqazda qüvvələr balansını dəyişdirə və Moskvanın yenidən bölgəyə fokuslana biləcəyi düşüncəsi Ermənistanı prosesi daha ehtiyatla aparmağa vadar edir. Azərbaycan isə Qarabağ zəfərindən sonra yalnız sahədəki üstünlüyünü deyil, beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünü və suverenliyini də qalıcı şəkildə təsis etmək istəyir.
-Qazaxıstan, Özbəkistan və Türkmənistanın Cənubi Kiprdə səfirlik açmasını necə qiymətləndirmək olar? Bu, həqiqətənmi Türk dünyasına xəyanətdir?
-Bu cür addımları dərhal “xəyanət” kimi ağır ifadələrlə qiymətləndirməkdənsə, daha geniş diplomatik kontekstdə dəyərləndirmək lazımdır. Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi ölkələr öz milli maraqları naminə qlobal diplomatik şəbəkələrini genişləndirməyə çalışırlar. Cənubi Kiprdə səfirlik açmaları da bu strategiyanın bir hissəsi kimi görülə bilər. Kaş ki bu baş verməyəydi, amma artıq olub. Burada əsas məsələ, bu ölkələrin Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə münasibətlərində səmimiyyətlərini və əməkdaşlıq əzmlərini davam etdirmələridir.
Türk dünyasında qarşılıqlı anlayış və həmrəylik ruhunun qorunması, qısamüddətli diplomatik addımlardan daha qiymətlidir. Hər bir addımı öz kontekstində qiymətləndirmək və münasibətlərə uzunmüddətli qardaşlıq perspektivindən yanaşmaq daha sağlam bir yanaşmadır. Türk Dövlətləri Təşkilatı (TDT) son illərdə ŞKTC-yə dəstəyini gücləndirmiş, 2022-ci ildə onu müşahidəçi üzv kimi qəbul edərək mühüm bir addım atmışdır. Bu nailiyyəti yalnız simvolik addım olaraq saxlamaq deyil, TDT–ŞKTC münasibətlərini daha institusional, əhatəli və təsirli bir səviyyəyə daşımaq böyük əhəmiyyət daşıyır. Cari qlobal və regional güc balansı nəzərə alındıqda, bu prosesin səbirli, strateji və qətiyyətli bir yanaşma ilə dərinləşdirilməsi vacibdir. ŞKTC-nin Türk dünyasındakı yeri yalnız siyasi həmrəyliyin deyil, eyni zamanda iqtisadi, mədəni və diplomatik əməkdaşlığın da bir hissəsi halına gətirilməlidir. Bu istiqamətdə TDT-nin atacağı konkret addımlar həm Kipr Türk xalqının beynəlxalq arenada görünürlüğünü artıracaq, həm də Türk dünyasındakı həmrəyliyi daha güclü bir təməl üzərində qurmağa imkan verəcəkdir.
-Rusiya–Ukrayna müharibəsinin sonu necə görünür? ABŞ-nin bu prosesdəki rolu nədir?
-Mövcud şərtlər daxilində müharibənin yaxın vaxtlarda qəti bir qələbə ilə nəticələnməsi ehtimalı zəif görünür. Hər iki tərəf ağır itkilər verməsinə baxmayaraq, siyasi hədəflərindən geri çəkilməyib. Rusiya işğal etdiyi ərazilərdə status-kvo yaratmaq və Qərbin dəstəyini zəiflətmək istəyir, Ukrayna isə ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizə aparır. Bu şərtlər daxilində müharibənin orta müddətli perspektivdə “dondurulmuş münaqişə”yə çevrilməsi – yəni döyüşlərin dayansa belə, davamlı bir sülh sazişinin əldə olunmaması ehtimalı güclənir. Keçmiş prezident Cozef Bayden hakimiyyəti dövründə ABŞ Ukraynanın ən böyük dəstəkçisi oldu. Vaşinqton həm Rusiyanın beynəlxalq sistemdə güc qazanmasının qarşısını almaq, həm də Avropada öz liderliyini möhkəmləndirmək məqsədilə Ukraynaya hərbi, iqtisadi və kəşfiyyat dəstəyi verdi. Lakin ABŞ-nin əsas məqsədi müharibəni birbaşa bitirməkdən çox, Rusiyanı uzun müddətdə zəiflədərək onun qlobal təsirini məhdudlaşdırmaq idi. Buna görə də ABŞ müharibəni “nəzarət altında” davam etdirməyə çalışdı; yəni Ukraynanı ayaqda saxlayacaq qədər dəstək verdi, lakin Rusiya ilə birbaşa toqquşmaya girməməyə xüsusi diqqət göstərdi. Ancaq Tramp Rusiya–Ukrayna müharibəsinin ABŞ üçün bir yük olduğunu və bunun bitməli olduğunu düşünür. Onun üçün ABŞ xarici siyasətində əsas təhlükə Çin hesab olunur. Trampa görə, Rusiya–Ukrayna münaqişəsi Çinlə aparılan qlobal rəqabəti zəiflətməməlidir. Buna görə də o, Rusiyanı Çin qarşısında “ikincil bir təhlükə” kimi görür. Həmçinin Tramp Avropa ölkələrinin müdafiə xərclərində ABŞ-a həddindən artıq bağlı olmasından narahatdır və Ukraynaya dəstək siyasətini əsasən Avropanın məsuliyyəti hesab edir. Bu kontekstdə o, prezidentliyə başladığı gündən bəri Rusiya ilə qarşıdurmadan qaçan bir xarici siyasət xətti izləməyə başlayıb. Bu prosesdə Ukrayna üçün ən böyük təhlükə, Krım başda olmaqla Rusiyanın işğal etdiyi əraziləri tanımağa əsaslanan bir razılaşmanı ABŞ-nin təzyiqi ilə imzalamaq ola bilər.
-ABŞ ilə Avropa İttifaqı (Aİ) arasında davam edən gərginlik NATO-nu zəiflədə bilərmi?
-ABŞ ilə Avropa arasındakı gərginlik xüsusilə müdafiə xərcləri və strateji prioritetlər mövzusundakı fikir ayrılıqları səbəbilə NATO-nun siyasi birliyini zəiflədə bilər. Lakin NATO-nun hərbi strukturu güclü olaraq qalmağa davam edəcək. NATO-nun hərbi sistemi üzv ölkələrin müdafiə büdcələri, ortaq təlimlər, komanda-idarəetmə mexanizmləri və əməliyyat planları kimi konkret və institusional elementlərə əsaslandığı üçün bu struktur, siyasi fikir ayrılıqlarına baxmayaraq, ittifaqın hərbi fəaliyyətini davam etdirməsinə şərait yaradır. Bundan əlavə, Rusiya və Çin kimi ortaq təhlükə qavrayışları, üzvlər arasında əsas təhlükəsizlik əməkdaşlığını qoruma istiqamətində motivasiya yaradır. Aİ üçün NATO-dan kənarda, xüsusilə Avropanın təhlükəsizliyi və müdafiəsi ilə bağlı effektiv bir alternativ hələ mövcud deyil. Aİ təhlükəsizlik sahəsində NATO-dan asılı qalmağa davam edir və ABŞ ilə olan strateji münasibətlər, xüsusilə Rusiya və Çin kimi böyük təhdidlərə qarşı kollektiv müdafiəni təmin etmək baxımından kritik əhəmiyyət daşıyır. Aİ-nin öz müdafiə potensialını artırmağa yönəlmiş addımları, əslində NATO ilə paralel bir strategiya ilə məhdudlaşır, çünki NATO-nun mövcud quruluşu və üzvlər arasındakı hərbi əməkdaşlıq hələ də ən effektiv təhlükəsizlik çərçivəsi kimi qəbul edilir.
-Türkiyənin terroru tamamilə bitirməsinə nə qədər qalıb? Bunun üçün hansı addımlar atılmalıdır?
-Türkiyənin terrorla mübarizəsi göstərdi ki, terrorun tamamilə sona çatması yalnız hərbi əməliyyatlarla təmin oluna bilməz. Bu səbəbdən dövlət, terroru siyasi yollarla da həll etməyə çalışır. PKK lideri Abdullah Öcalan fevralın 27-də ictimaiyyətlə paylaşdığı silah buraxma çağırışının yay aylarının əvvəlində konkret bir mərhələyə keçməsi gözlənilir. Nəticə etibarilə, Prezident Rəcəb Tayyib Ərdoğan “Terrorsuz Türkiyə” səylərində artıq yeni bir mərhələyə keçildiyini bildirərək, PKK-nın ləğvinə yönəlmiş konkret addımların atılacağına və terrorun Türkiyə üçün bir təhdid olmaktan çıxacağı bir dövrün başlandığına dair siqnallar vermişdir. Dövlətin və ictimaiyyətin bu nöqtədə əsas gözləntisi, terrorun sürətli şəkildə tamamilə aradan qaldırılmasıdır.
-Yaxın Şərqdəki gərginlik haqqında nə deyə bilərsiniz? Türkiyə ilə İsrail arasında birbaşa müharibə ehtimalı nə qədərdir?
-Mövcud geosiyasi şəraitdə Türkiyə ilə İsrail arasında birbaşa müharibə ehtimalı aşağı görünür. Lakin bölgədə baş verən gərginliklər və hər iki ölkənin fərqli strateji maraqları nəzərə alındıqda, bu ehtimalı tamamilə istisna etmək də olmaz. İsrail son illərdə ekspansionist və aqressiv xarici siyasət yürüdərək qonşu ölkələrə qarşı hərbi əməliyyatlar həyata keçirməyə və Fələstin torpaqları üzərindəki işğalını genişləndirməyə davam edir. Qəzzaya hücumlar, İordan çayının qərb sahilindəki yaşayış məntəqələrinin genişləndirilməsi və Qüdsün statusunun dəyişdirilməsi kimi addımlar, İsrailin bölgədəki güc balansını öz xeyrinə dəyişdirmə cəhdlərinin bir hissəsidir. Türkiyə isə həm regional, həm də qlobal miqyasda mühüm bir aktor olaraq, İsrailin bu ekspansionist siyasətini və Fələstin məsələsindəki ədalətsiz yanaşmasını açıq şəkildə tənqid edir. Türkiyənin Fələstin məsələsinə verdiyi dəstək və İsrailin təcavüzkar fəaliyyətləri qarşısındakı qətiyyətli mövqeyi son illərdə daha da aydın görünməkdədir. Bu vəziyyət, iki ölkə arasındakı münasibətləri zaman-zaman gərginləşdirsə də, Türkiyənin güclü və çəkindirici hərbi qüvvəsi və NATO üzvlüyü sayəsində bu gərginliklərin birbaşa hərbi toqquşmaya çevrilməsi ehtimalı olduqca aşağıdır. İsrailin Türkiyənin milli təhlükəsi baxımından təhdid kimi gördüyü PKK/PYD kimi terror təşkilatları ilə birbaşa və ya dolayı əlaqələr qurması da iki ölkə arasında gərginliyi zaman-zaman artırır. Buna baxmayaraq, Türkiyənin bölgədəki çəkindirici gücü, malik olduğu strateji üstünlüklər və beynəlxalq müttəfiqlikləri, İsrailin birbaşa hərbi qarşıdurmaya girməsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bu faktorlar birlikdə nəzərə alındıqda, Türkiyə ilə İsrail arasında birbaşa müharibə ehtimalının mövcud şəraitdə olduqca aşağı olduğu deyilə bilər. NATO-nun kollektiv müdafiə prinsipləri çərçivəsində, Türkiyəyə hücum olarsa, alyansın digər üzvlərinin də prosesə qoşulması ehtimalı yüksəkdir. Bu isə İsrailin Türkiyəyə qarşı birbaşa hərbi hücum başlatma riskini ciddi şəkildə azaldır. Eyni zamanda, Türkiyənin güclü ordusu və bölgədəki hərbi imkanları, İsrailin Türkiyəyə qarşı daha ehtiyatlı davranmasına səbəb olur.
-Azərbaycan, Türkiyə ilə İsrail arasındakı gərginliyin azaldılmasında necə bir rol oynaya bilər?
-Son həftələrdə Türkiyə ilə İsrail arasında artan gərginliyin isti qarşıdurmaya çevrilməməsi üçün təşəbbüs göstərən ölkələr arasında Azərbaycan ön plana çıxmışdır. Türkiyəli və israilli rəsmilər, Suriyada qarşıdurmasızlıq mexanizminin yaradılmasına dair ilk görüşməni Azərbaycanın ev sahibliyində Bakıda keçirmişlər. Azərbaycan Prezidenti İlham Əliyev, hər iki ölkə ilə də çox yaxşı münasibətlərə malik olduqlarını vurğulayaraq, Türkiyə–İsrail münasibətlərinin normallaşması üçün səylərini davam etdirəcəklərini bildirmişdir. Azərbaycan, Türkiyə ilə İsrail arasındakı gərginliyin azaldılmasında mühüm vasitəçi rolunu öz üzərinə götürür. Həm Türkiyənin yaxın müttəfiqi, həm də İsrailin strateji tərəfdaşı olan Azərbaycan, tərəflər arasında etibarlı ünsiyyət kanalı yaradaraq, xüsusilə Suriya kimi kritik bölgələrdə baş verə biləcək qarşıdurmaların qarşısının alınmasına töhfə verir. Bu mövqeyi Bakı şəhərini bölgədə sabitlik axtarışlarında açar aktora çevirir.
-ABŞ İrana birbaşa və ya İsrail vasitəsilə müharibə elan edə bilərmi?
-Hazırkı mərhələdə ABŞ İrana nə birbaşa, nə də İsrail vasitəsilə müharibə elan etməyə isti yanaşmır. İsrail İrana qarşı daha sərt və birbaşa hərbi müdaxilə arzulasa da, Vaşinqton bu variantla bağlı tərəddüdlüdür. ABŞ rəhbərliyi bölgədəki gərginliyin daha da artmasını istəmədiyi üçün diplomatiyaya üstünlük verir. Xüsusilə Tramp administrasiyası İranla yaşanan böhranları məhdud saxlamağa çalışaraq enerji və resurslarını qlobal miqyasda daha böyük rəqib kimi gördüyü Çinə qarşı yönəltmək istəyir. Bu səbəbdən, ABŞ-ın mövcud prioritetləri çərçivəsində İranla genişmiqyaslı müharibəyə girməkdən çəkindiyi, daha çox diplomatik təzyiq və bölgədə tarazlıq yaratmaq strategiyasına yönəldiyi müşahidə olunur.
Kənan Novruzov,
Xumar Emilqızı
14:19 05.05.2025
Oxunuş sayı: 1083