"Ukrayna Rusiyanın işğalı altında olan ərazilərdəki mineral ehtiyatların istismarına nail olmaq istəyirdi" - Zelenskinin planı açıqlandı

Son illərdə dünya geosiyasətində nadir torpaq elementləri və strateji mineralların əhəmiyyəti sürətlə artmaqdadır. Xüsusilə yüksək texnologiyalar, süni intellekt, hərbi sənaye və yaşıl enerji keçidi üçün vacib olan bu resurslar, böyük güclər arasında geoiqtisadi və geosiyasi rəqabəti daha da kəskinləşdirir. Bu kontekstdə Ukraynanın zəngin yeraltı sərvətləri və onların istismarı məsələsi qlobal maraqların kəsişdiyi bir məkana çevrilmişdir.
ABŞ ilə Ukrayna arasında nadir torpaq elementlərinin istismarı ilə bağlı imzalanan saziş, yalnız iqtisadi maraqlarla deyil, həm də regional təhlükəsizlik və geosiyasi balans baxımından əhəmiyyət daşıyır.Sazişin detalları ictimaiyyətə tam açıqlanmasa da, onun məzmunu, tərəflərin real niyyətləri və gələcək mümkün nəticələri ətrafında mühüm suallar ortaya çıxır.
Mövzu haqqında daha ətraflı Crossmedia.az-a politoloq Oqtay Qasımov açıqlamasında ABŞ ilə Ukrayna arasında nadir torpaq elementlərinin istismarı ilə bağlı imzalanan sazişin ilkin olaraq Ukrayna tərəfindən təklif olunduğunu vurğulayır: "Rəsmi Kiyevin əsas məqsədi bu təklif vasitəsilə ABŞ-nin Ukraynaya marağını artırmaq, gələcəkdə isə bu əməkdaşlıq zəminində təhlükəsizlik təminatları əldə etmək idi. Bu ideya hələ keçmiş prezident Cozef Baydenin hakimiyyəti dövründə gündəmə gətirilmişdi. Lakin məsələ Donald Trampın hakimiyyətə gəlməsindən sonra aktuallıq qazanmış və ABŞ tərəfindən Ukraynaya ciddi təzyiqlərlə bu sazişin imzalanmasına yönəlik addımlar atılmışdır. Tramp administrasiyası, Bayden administrasiyasından fərqli olaraq, bu anlaşmanı ABŞ-nin Ukraynaya müharibə dövründə göstərdiyi yardımların qarşılığı kimi dəyərləndirmiş və Ukraynaya təhlükəsizlik zəmanəti verməkdən imtina etmişdir. Bu mövqe açıq şəkildə 2025-ci il fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri zamanı Tramp tərəfindən ifadə olunmuşdur. Daha sonra tərəflər arasında aparılan danışıqlar nəticəsində kompromis variantlar axtarılmağa başlanmış və Ukrayna müəyyən təzyiqlər altında bu sazişi imzalamağa məcbur olmuşdur. Ukraynanın mövqeyi ondan ibarət idi ki, yeraltı təbii sərvətlərin istismarı qarşılığında ABŞ-dan təhlükəsizlik təminatları əldə olunsun. Bundan əlavə, Ukrayna ABŞ-nin iştirakı ilə hazırda Rusiyanın işğalı altında olan ərazilərdə yerləşən mineral ehtiyatların da istismarına nail olmaq və bu yolla işğal faktının aradan qaldırılmasını hədəfləyirdi".
O xatırladıb ki, hazırda imzalanan sazişin bu hədəfləri tam şəkildə əhatə edib-etmədiyi ilə bağlı dəqiq məlumat yoxdur: "Mövcud razılaşma kontekstində Trampın yanaşmaları, daha çox Rusiyanın maraqlarına uyğun olaraq Ukraynanın güzəştə getməsi və atəşkəs müqaviləsinin imzalanması istiqamətindədir. Əgər Ukraynanın gözlədiyi kimi təhlükəsizlik zəmanətləri təmin edilsəydi, bu, ölkənin milli maraqlarına uyğun olardı. Hazırkı şərtlər daxilində imzalanan sazişin detalları açıqlanmasa da, ehtimallara görə ABŞ bu mineral ehtiyatların istismarı qarşılığında Ukraynaya ciddi təhlükəsizlik təminatları vermir və əldə edilən gəlirləri Ukraynanın xarici borcuna yönəltməyi planlaşdırır. Bu isə bir sıra suallar doğurur. Saziş çərçivəsində əsasən yüksək texnologiyalarda istifadə olunan litium nadir metallar, platin, kokus və digər qiymətli materialların istismarı nəzərdə tutulur. Ümumi dəyəri təxminən 25 trilyon ABŞ dolları həcmində qiymətləndirilən bu ehtiyatların təxminən 13 trilyon dollarlıq hissəsi hazırda Rusiyanın işğalı altında olan ərazilərdə yerləşir".
Ləman Həsənova
16:28 01.05.2025
Oxunuş sayı: 7237