Şamın cənubunda Dürzi silahlı qruplarla toqquşma baş verib

Suriya daxili işlər Nazirliyi, Şamın cənubundakı Ceramane məhəlləsində baş verən silahlı toqquşmalarla bağlı açıqlama yayıb. Bildirilib ki, hadisələr Həzrət Məhəmmədə təhqir ehtiva edən bir səs yazısının sosial mediada yayılmasından sonra başlayıb. Təhqiramiz ifadələrə qarşı qəzəblənən yerli əhali etiraz aksiyası keçirib. Etiraza silahlı Dürzi qrupların atəş açması ilə vəziyyət nəzarətdən çıxıb.
Crossmedia.az nazirliyin məlumatına istinadən xəbər verir ki, toqquşmalarda aralarında təhlükəsizlik qüvvələrinin əməkdaşlarının da olduğu ölüm və yaralanmalar baş verib. Bölgəyə müdaxilə üçün daxili işlər və müdafiə Nazirliklərinə bağlı birləşmələr göndərilib, təhlükəsizlik tədbirləri gücləndirilib. Səs yazısının müəllifinin kimliyi müəyyənləşdirilməyə çalışılır.
Fərqli mənbələr ölənlərin sayına dair müxtəlif rəqəmlər verir:
Suriya mənbələri: 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
Reuters: 13 nəfər ölüb.
SOHR (İnsan Haqları Müşahidə Mərkəzi): 9 nəfər ölüb – altısı Dürzi silahlı şəxslər, üçü isə digər silahlı şəxslərdir.
İnsan Haqları Müşahidə Mərkəzi, toqquşmaların Dürzi və xristianların çoxluqda yaşadığı Ceramane bölgəsində təhlükəsizlik qüvvələrinin reydindən sonra başladığını bildirib. Hökumət tərəfi isə hadisələrin qəsdən silahlı hücum kimi deyil, vətəndaş etirazı fonunda inkişaf etdiyini vurğulayıb.
Suriya daxili işlər Nazirliyinin sözçüsü Mustafa Əl-Abdo, ölənlər arasında Dövlət Təhlükəsizlik Xidmətinin iki əməkdaşının olduğunu açıqlayıb. O, hadisələri bir hücum kimi deyil, təxribat xarakterli insident kimi qiymətləndirib.
Hazırda tərəflər arasında gərginliyin aradan qaldırılması üçün danışıqlar aparılır. Bəzi Dürzi liderləri çıxış edərək, səs yazısındakı ifadələrin cəmiyyətin ümumi mövqeyini əks etdirmədiyini və qarşıdurmalardan çəkinmək lazım olduğunu bildiriblər.
Mədinə Cəlilova
21:55 29.04.2025
Oxunuş sayı: 788