Trampdan qalmaqallı addım: Miqrantların fotolarını nümayiş etdirdi

ABŞ Prezidenti Donald Tramp, günahkar olduqları iddia edilən miqrantların fotolarını Ağ Ev bağçasında nümayiş etdirib.
Crossmedia.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Tramp bazar ertəsi günü miqrasiya siyasətinin ilk nəticələrini açıqlayaraq, daha sərt tədbirlərə çağırış edib.
Ağ Evdə sərgilənən fotolarda qətl, təcavüz və narkotiklərlə bağlı cinayətlərə görə mühakimə olunan 100 nəfərin şəkli yer alıb. Lakin araşdırmalar miqrantların yerli amerikalılardan daha çox cinayət törətmədiyini göstərir.
Tramp həmin gün üç yeni sərəncam da imzalayıb. Birinci sərəncam miqrasiya qanunlarına əməl etməyən şəhər və ştatların müəyyən edilməsini hədəfləyir. İkinci sərəncam hüquq-mühafizə orqanlarına dəstək verilməsini nəzərdə tutur. Üçüncü sərəncam isə yük maşını sürücüləri üçün ingilis dili tələbi ilə bağlıdır.
Tramp vəzifəyə başladığı gündən bəri miqrasiya siyasətini sərtləşdirib, cənub sərhədinə hərbçilər göndərib və milyonlarla qeyri-qanuni miqrantı deportasiya edəcəyinə söz verib. O, miqrasiyanın 2024 seçkilərində əsas mövzuya çevrildiyini bildirərək, bu sərt tədbirləri əvvəlki prezident Co Bayden dövründə artan miqrasiyanın zəruri etdiyini deyib.
Ağ Ev rəsmiləri Trampın ilk üç ayında cənub sərhədində qeyri-qanuni keçidlərin ciddi şəkildə azaldığını açıqlayıb. Lakin bu azalma, saxlanılan şəxslərin hüquqlarının pozulması ilə bağlı narahatlıqlar doğurub.
ABŞ Sərhəd Patrulu mart ayında 7 min 200 qeyri-qanuni miqrantın saxlandığını bildirib ki, bu da son illərin ən aşağı göstəricisidir. Trampın sərhəd rəsmisi Tom Homan “Hazırda ölkəmiz tarixinin ən təhlükəsiz sərhədinə malikdir” deyə qeyd edib.
ABŞ Konstitusiyası ölkədə doğulan hər kəsə avtomatik vətəndaşlıq hüququ verir. Tramp yanvarda imzaladığı sərəncamla bu hüququ məhdudlaşdırmağa çalışmışdı. Ali Məhkəmənin bu məsələ ilə bağlı qərarı gələn ay açıqlanacaq.
Mədinə Cəlilova
20:27 29.04.2025
Oxunuş sayı: 802