Pakistan ordusu Əfqanıstandan keçmək istəyən 54 silahlını öldürdü

Pakistan ordusu bazar günü Əfqanıstandan ölkəyə daxil olmağa cəhd edən 54 silahlını məhv etdiyini açıqlayıb. Bildirilib ki, öldürülənlər, Pakistan Talibanı adlanan silahlı qruplaşmanın üzvləri olub.
Ordu məlumatında qeyd olunub ki, kəşfiyyat hesabatları ölənlərin “Khwarij” adlandırılan – hökumətin Pakistan Talibanı üçün istifadə etdiyi termin – qrupuna mənsub olduğunu göstərir. Silahlıların, “xarici havadarlar” tərəfindən Pakistan daxilində yüksək səviyyəli terror hücumları həyata keçirmək məqsədilə göndərildiyi vurğulanıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, üsyançılar Pakistan Talibanının bir vaxtlar əsas dayaq nöqtəsi olmuş, Pakistanın şimal-qərbində yerləşən və Əfqanıstanla sərhəddə uzanan Xayber Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsində aşkarlanaraq zərərsizləşdirilib.
Ordu, bu sızma cəhdinin Hindistanın nəzarətindəki Kəşmirdə turistlərə qarşı edilən ölümcül hücumdan sonra və Hindistanın Pakistana qarşı əsassız ittihamlar irəli sürdüyü bir dövrdə baş verdiyini bildirib.
Son aylarda Pakistanda zorakılıq hadisələrinin artdığı müşahidə olunur. Bu hücumların əksəriyyətində isə, əsasən “Tehrik-e-Taliban Pakistan” (TTP) təşkilatı günahlandırılır. Qeyd edək ki, TTP ayrıca bir qrup olmaqla yanaşı, 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirən Əfqanıstan Talibanı ilə müttəfiqdir.
Məlumata görə, həmin dövrdən etibarən bir çox TTP lideri və döyüşçüsü Əfqanıstanda gizlənmək imkanı tapıb. Pakistanın İnformasiya naziri Attaullah Tatar isə bazar günü xarici mediaya açıqlamasında bildirib ki, Hindistan, turist hücumuna görə İslamabadı günahlandıraraq Pakistan təhlükəsizlik qüvvələrinin diqqətini qərb sərhədlərindəki təhlükəsizlik mübarizəsindən yayındırmağa çalışır.
Fatimə Nəbiyeva
12:20 28.04.2025
Oxunuş sayı: 913