Ukrayna Rusiya ilə birbaşa təmaslara başlayacaq?: "Nə Moskva, nə də Qərbin maraqları təmin olunacaq"

“Bild” qəzetinin baş redaktorunun müavini Paul Rontshaymerin məqaləsində bildirib ki, Ukrayna ən pis ssenariyə, xüsusilə də Birləşmiş Ştatların dəstəyinin dayandırılmasına hazırlaşır.
“Biz ən pis ssenariyə, yəni ABŞ-nin dəstəyinin dayandırılmasına hazırlaşırıq”, – Ukrayna hökumətindəki mənbə söyləyib.
Eyni zamanda, mənbə ABŞ Prezidenti Donald Trampın sülh planından məyusluğunu ifadə edib. O qeyd edib ki, Amerika lideri Rusiya Prezidenti Vladimir Putinə təzyiq göstərmir və Rusiyaya qarşı sanksiyalar tətbiq etmir.
Ukraynalı diplomat Amerika Prezidenti tərəfindən səsləndirilmiş şərtlərin Kiyev üçün qəbuledilməz olduğunu vurğulayıb.
“Kağız üzərində yazılanlar və danışıqlarda bizə işarə edilənlər qəbuledilməzdir”, – o deyib.
Ukrayna ilə Rusiya arasında davam edən müharibə artıq ciddi itkilərlə müşayiət olunur və hər iki tərəf üçün uzunmüddətli olaraq davam etdirmək çətinləşir. Beynəlxalq dəstəyə baxmayaraq, Ukrayna təkbaşına nəticə əldə etməkdə çətinlik çəkir, Rusiya isə sanksiyalar və hərbi xərclərlə üz-üzədir.
Görünən odur ki, Ukrayna ABŞ-dən gözlədiyi və istədiyi dəstəyi almır. Avropadan isə əmin deyil. Bu, Kiyevlə Moskva arasında birbaşa danışıqlar ehtimalını da gündəmə gətirir.
Bu ehtimal barədə Crossmedia.az-a danışan türkiyəli professor, politoloq Mehmet Yüce deyib ki, bu müharibə Rusiya ilə Qərb arasında təsir dairəsinin müəyyənləşməsi uğrunda bir mübarizədir və Ukrayna burada bir vəkalət savaşçısı rolunu üzərinə götürmüşdür: "Ukraynanın Qərbə yaxınlaşması, xüsusən NATO və digər Qərb təsisatları ilə əlaqələrinin intensivləşməsi, bunu milli təhlükəsizlik problemi kimi görən Rusiyanı narahat edib. Vladimir Putinin hakimiyyətə gəlişi ilə Rusiyanın təsir dairəsini bərpa etmə siyasəti, bu narahatlığı daha da gücləndirmişdir. Rusiya Qərbin öz maraq dairəsində fəaliyyətinə daha sərt reaksiya verməyə başlamış, keçmiş SSRİ ölkələrini Moskvanın təsirinə qaytarmaq istəyini açıq bəyan etmişdir. Ukraynanın Qərbə inteqrasiyada israrlı olması və Qərbin bu mövqeyə dəstəyi müharibənin əsas səbəbi olmuşdur".
Politoloq əlavə edib ki, başlanğıcda ABŞ Ukraynaya tam dəstək vermiş, keçmiş Prezident Cozef Bayden və sabiq dövlət katibi Antoni Blinken bu dəstəyi açıq ifadə etmişdir: "Eyni şəkildə Avropa İttifaqı də hərbi və humanitar yardımlarla Ukraynanın yanında olmuş, ABŞ-la birlikdə Rusiyaya qarşı sanksiyalar tətbiq etmişdir. Trampın hakimiyyətə gəlməsi ilə ABŞ-ın siyasəti dəyişmiş, Ukraynaya yardım qarşılığında onun nadir elementlərinə nəzarət edilməyə çalışılmış, Aİ sülh danışıqlarından kənarda saxlanılmışdır. Bu isə ABŞ və Aİ arasında fikir ayrılığına, Ukraynanın isə zəifləməsinə səbəb olmuşdur. Aİ dəstəyini davam etdirməyi bəyan etsə də, bu bəyanat birlik daxilində tam qəbul olunmamışdır.
Beləliklə, Ukrayna Qərbin dəstəyi ilə başladığı müharibədə tək qalma təəssüratı yaratmışdır. Nəticə etibarilə, bu müharibə nə Rusiya, nə də Qərbin gözləntilərinə uyğun nəticələnəcək. Rusiya ilhaq etdiyi əraziləri qorumaqda israrlıdır. Qərbin dəstəyi ilə başladığı müharibədə tək qalma təəssüratı yaratmışdır. Nəticə etibarilə, bu müharibə nə Rusiya, nə də Qərbin gözləntilərinə uyğun nəticələnəcək. Rusiya ilhaq etdiyi əraziləri qorumaqda israrlıdır, Ukrayna isə ərazi bütövlüyünə əsaslanan ədalətli sülh axtarır. Qərb gözlənilən nəticəni əldə etməzsə, ciddi ictimai tənqidlərə məruz qala bilər. Aİ həm Ukraynanı dəstəkləmək, həm də öz təhlükəsizliyini təmin etmək üçün daha güclü siyasətlər yürütməli olacaq. Bu səbəbdən Aİ-nin sülh prosesindən kənarda qalması mümkün deyil; əsas məsələ onun nə qədər təsirli iştirak edəcəyidir".
Bənövşə Zahidli
15:58 25.04.2025
Oxunuş sayı: 1345