“Ledi Maqbet” Dram Teatrının səhnəsində: Qadının gücü, məkrin təntənəsi




Aprelin 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı səhnəsində klassiklərlə dolu mövsüm daha bir güclü və simvolik tamaşa ilə yadda qaldı. Uilyam Şekspirin məşhur “Maqbet” faciəsinin motivləri əsasında hazırlanmış “Ledi Maqbet” səhnə əsəri yenidən teatrsevərlərlə görüşdü. Bu tamaşa, Xalq artisti Bəsti Cəfərovanın yubileyi münasibətilə keçirilən benefis idi və onun sənətə verdiyi töhfələrin əlamətdar bir qeydidir.
Crossmedia.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, səhnə əsərinin ideyasını Şekspirin klassikindən fərqli olaraq, hadisələrin mərkəzinə qadın obrazını – Ledi Maqbeti yerləşdirməklə diqqəti zəkaya, iradəyə və eyni zamanda qadının məkrli planlarına yönəldib. Bu yanaşma tamaşaya həm psixoloji, həm də fəlsəfi dərinlik qatır.
Quruluşçu rəssam – Samirə Həsənova, bəstəkar – Azər Hacıəsgərli, işıq üzrə rəssam – Rafael Vaqifoğlu, rəqslərin quruluşçusu – Lalə Hacıyeva və rejissor assistenti – Ceyran Başaranın sinerjisi nəticəsində tamaşa vizual və emosional baxımdan zəngin bir teatr əsərinə çevrilib.
Səhnədə parlaq ifaları ilə seçilən aktyor heyətinə Xalq artistləri Bəsti Cəfərova, Sabir Məmmədov, Əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Aslanqızı, Aslan Şirin, Elşən Cəbrayılov, Elnar Qarayev, o cümlədən istedadlı gənc aktyorlar – İlahə Həsənova, Elnur Qədirov, İlyas Əhmədov, Vüsal Mustafayev, Rüstəm Rüstəmov, Cavidan Novruz, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə və başqaları daxildir.
Tamaşada Ledi Maqbetin ruh halı və onun Maqbet üzərindəki təsiri incə psixoloji keçidlər və güclü aktyor oyunu ilə təqdim olunur. Nicat Kazımovun rejissor baxışında Ledi Maqbet artıq yalnız bir obraz deyil, faciənin özüdür. Onun təhriki və məkrli planları Maqbetin qaranlıq yolunu cızır və nəticədə hər ikisini də məhvin astanasına gətirir.
“Maqbetin Dunkanı öldürməsi geri dönüşü olmayan nöqtədir” – bu cümlə tamaşanın əsas fəlsəfəsini ehtiva edir: şər bir dəfə buraxıldıqda, onu nə saxlamaq, nə də təmizləmək olur.
“Ledi Maqbet” – bu dəfə yalnız Şekspirin faciəsi deyil, həm də bir qadın obrazının güc, məkr və faciə ilə yoğrulmuş təntənəsidir. Tamaşa, insan ruhunun qaranlıq qatlarını işıqlandıran güclü bir sənət nümunəsi kimi teatr tarixində öz izini buraxır.
Ayan Sədi
11:00 25.04.2025
Oxunuş sayı: 1423