Serbiyada Azərbaycanın Zəfər Günü təntənəli şəkildə qeyd edilib
Azərbaycanın Serbiyadakı səfirliyi tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə Belqrad şəhərində rəsmi qəbul keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə Serbiyanın daxili və xarici ticarət naziri Yaqoda Lazareviç, əmək, məşğulluq, veteranlar və sosial işlər naziri Militsa Djurdjeviç Stamenkovski, informasiya və telekommunikasiya naziri Boris Bratina, beynəlxalq iqtisadi əməkdaşlıq və kilsənin ölkədə və xaricdə sosial mövqeyinə cavabdeh olan portfelsiz nazir Nenad Popoviç, XİN-in dövlət katibi Damyan Yoviç, həmçinin Mədən və Energetika Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Ailə Rifahı və Demoqrafiya Nazirliyinin, Tikinti, Nəqliyyat və İnfrastruktur Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Ətraf Mühitin Mühafizəsi Nazirliyinin dövlət katibləri, digər yüksək rütbəli dövlət və hökumət rəsmiləri, elm, incəsənət və din xadimləri, diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra "Ulduzunu tap" uşaq xoru tərəfindən hər iki ölkənin dövlət himni ifa ediləndən sonra səfir Kamil Xasiyev çıxış edərək, Azərbaycanın işğaldan azad olunmuş şəhəri Şuşanın xalqımız üçün mühüm mədəni və mənəvi əhəmiyyət daşıdığını vurğulayıb.
Qeyd olunub ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində ölkənin ərazi bütövlüyü BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq bərpa edilib. Son beş il ərzində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır, yeni yollar, hava limanları, məktəblər və ictimai binalar inşa olunur, on minlərlə məcburi köçkün doğma torpaqlarına qayıdır.
K.Xasiyev bildirib ki, hərbi əməliyyatların başa çatmasından dərhal sonra Azərbaycan beynəlxalq hüququn prinsiplərinə - suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət əsasında Ermənistanla ikitərəfli münasibətlərin qurulmasını və sülh sazişinin imzalanmasını təklif edib.
Qəbulda Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb və Serbiya Prezidenti Aleksandar Vuçiçin gələn il Bakıya gözlənilən səfərinin iki ölkə arasındakı əməkdaşlığa yeni təkan verəcəyinə inam ifadə olunub. Azərbaycan Silahlı Qüvvələrinin Serbiya Respublikasındakı hərbi attaşesinin baş köməkçisi kapitan Cəfər Məmmədov qeyd edib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqı və dövlətinin 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbənin, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasının, xalqımızın azadlıq və ədalət uğrunda mübarizəsinin parlaq təcəssümü, həmçinin milli birliyin və qürurun rəmzidir.
Tədbir çərçivəsində Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, eyni zamanda, Serbiya Milli Teatrının prima sopranosu Yasmina Trumbetaş Petroviç dünya şöhrətli müğənni Müslüm Maqomayevin "Azərbaycan" mahnısını səsləndirib.
Sonda 8 Noyabr – Zəfər Günü münasibətilə xalqın qəhrəmanlığını və birliyini, işğaldan azad olunmuş bölgələrdə aparılan yenidənqurma işlərini əks etdirən qısa videoçarx nümayiş olunub.
Tədbir qonaqların şərəfinə verilmiş rəsmi ziyafətlə başa çatıb.
20:30 06.11.2025
Oxunuş sayı: 1146