Bölgəyə sülh gəlir - Deputat
Regionda gedən proseslər göstərir ki, Cənubi Qafqazda qarşılıqlı etimad və əməkdaşlıq mühiti tədricən formalaşır. Ermənistana Rusiyadan buğda tədarükü üçün Azərbaycan ərazisindən tranzit olaraq istifadəsinə icazə verilməsi və bunun üçün rəsmi təşəkkürün bildirilməsi, uzun illər davam edən gərgin münasibətlərin yumşalması istiqamətində mühüm addım kimi qiymətləndirilir. Bu hadisə dövlətlər arasında “buzların əriməsi”nin başlanğıcı, bölgədə sülh və əməkdaşlıq dövrünün təşəkkül tapmasına aparan real göstəricidir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Nəsib Məhəməliyev Crossmedia.az-a açıqlama verib: “Ermənistanın Azərbaycan ərazisindən tranzit olaraq istifadə etməsi, Prezident İlham Əliyevin Qazaxıstan səfəri çərçivəsində verdiyi bəyanat əsasında həyata keçirilir. Rusiya bu marşrutla istifadə edən ikinci dövlətdir. Bundan əvvəl Qazaxıstan taxılı Ermənistana çatdırılmışdı. Yaratdığı şəraitə görə baş nazir Paşinyan və Rusiya baş nazirinin müavini Overçuk, cənab Prezidentə xüsusi təşəkkürünü bildirmişdilər. Məlum səbəblərdən, 30 ildən artıq bir müddətdə bağlı qalmış kommunikasiyaların açılması, xalqlar arasında iqtisadi əməkdaşlıq üçün müsbət zəmin yaradır. Hər belə bir addım etimad mühitini formalaşdırır. Uzun illər düşmənçilikdən bezmiş tərəfləri konfrantasiyadan əməkdaşlığa təşviq edir. Belə olan halda, revanşizm hissi ilə alışan erməni-daşnak-millətçi kəsimə, diaspora və lobbi təşkilatlarına layiqli cavab verilir. Bölgəyə sülh gəlir. Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, Sovetlər dönəmində də, Ermənistana gedən yüklərin 98%-i Azərbaycan Dəmir Yolları vasitəsilə daşınırdı. Kommunikasiyaların açılması, iqtisadi münasibətlərin formalaşmasını şərtləndirir. O da öz növbəsində, sülh müqaviləsinin imzalanması ilə yekunlaşacaqdır”.
Ayhan
21:20 06.11.2025
Oxunuş sayı: 1427