Dövlət Xidməti: Çaylarda sululuq artır, bəzi ərazilərdə sel keçib

Ölkə ərazisində müşahidə olunan leysan xarakterli yağıntılar çaylarda sululuğun artmasına səbəb olub.
Bu barədə Crossmedia.az Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinə istinadən məlumat verir.
Bildirilib ki, aprelin 16-da avtomat hidroloji stansiyaların müşahidələrinə əsasən, əksər çaylarda suyun səviyyəsində artım qeydə alınıb. Ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda müşahidə olunub.
Belə ki, Vəlvələçayda 49 sm, Qarasuçayda 25 sm, Qımılda 24 sm, Əyriçayda 21 sm, Əsrikçayda 15 sm, Quruçayda 29 sm, Oxçuçayda 22 sm, Köndələnçayda 18 sm, Tərtərçay-Vəngdə 9 sm, Tutqunçay və Bəsitçayda 9 sm, Həkəriçayda isə 4 sm artım qeydə alınıb.
Transsərhəd çaylarda da su səviyyəsinin artdığı bildirilir. Kür-Qıraqkəsəmən məntəqəsində 40 sm, Araz-Qıvraq məntəqəsində 19 sm, Qanıx-Cəlayir məntəqəsində isə 7 sm artım olub.
Güclü və intensiv yağıntılar nəticəsində Şabran rayonu ərazisindən axan Gilgilçay, Quba rayonundan Qudiyalçay, İsmayıllıdan Girdimançay, Qəbələdən Dəmiraparançay, Ağsudan Ağsuçay, Qobustandan Pirsaatçay və Samuxdan axan Qabırrı çayından sel keçdiyi bildirilib.
Proqnozlara əsasən, qeyri-sabit və fasilələrlə yağıntılı hava şəraiti aprelin 17-dək davam edəcək. Aprelin 16-sı ərzində intensiv və güclü yağışlar gözlənilir ki, bu da ölkə ərazisindəki çaylarda sululuğun yüksək səviyyədə qalmasına, Böyük və Kiçik Qafqazla yanaşı, Lənkəran-Astara zonasında da sel və daşqın hadisələrinin davam etməsinə səbəb ola bilər.
17:15 16.04.2025
Oxunuş sayı: 1804