Çin TikTok vasitəsilə lüks məhsulları ABŞ bazarına çıxarır

Bu həftə Çinli tədarükçülər ABŞ sosial şəbəkələrini paylaşımlarla dolduraraq istifadəçiləri Prezident Donald Trampın 145%-lik gömrük rüsumlarından yayınmaq üçün məhsulları birbaşa zavodlardan almağa çağırıblar.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, TikTok-da “Wang Sen” adı ilə çıxış edən istifadəçi özünü məşhur lüks brendlərin istehsalçısı kimi təqdim edib. O, bahalı “Birkin” çantaları fonunda dayanaraq məhsulların çox ucuz qiymətlərlə satıldığını iddia edib. Lakin bu video sonradan platforma tərəfindən silinib.
DHgate və Taobao kimi Çin e-ticarət platformaları ABŞ-da populyarlıq qazanmağa başlayıb. Ekspertlər isə xəbərdarlıq edir ki, bu hesabların arxasında dayanan şəxslərin Lululemon və Chanel kimi brendlərlə rəsmi əlaqəsi yoxdur və bu məhsullar saxta ola bilər.
Lululemon yayılan məlumatları dərhal təkzib edib və istehlakçılara saxta məhsullara qarşı ehtiyatlı olmağı tövsiyə edib. Brend bildirir ki, videolarda göstərilən zavodlarla heç bir əməkdaşlıq etmir.
Bəzi ekspertlər bildirir ki, məhsullar Çində istehsal olunsa da, “İtaliyada” və ya “İsveçrədə” hazırlanıb etiketləri ilə satıla bilər. Bununla belə, bu məhsullar nə zəmanətlidir, nə də qaytarılma imkanı var. Üstəlik, yaxın zamanda $800-dən aşağı bağlamalara tətbiq olunan gömrük güzəştlərinin ləğvi qiymət artımına səbəb ola bilər.
Bu proses həm də ekoloji problemləri qabardır. Plastikə bükülmüş bu məhsulların uzaq məsafələrə daşınması böyük karbon izi yaradır və çox vaxt istifadəsiz qalaraq zibilə çevrilir. TikTok istifadəçilərindən biri vəziyyəti belə xarakterizə edib: “Kapitalizmin sonunu izləyirik, bəlkə də.”
Fatimə Nəbiyeva
16:33 16.04.2025
Oxunuş sayı: 1125