Putinin "iştahı artır", Zelenski hakimiyyətdən gedir? - ŞƏRH

Rusiya və Ukrayna arasındakı müharibə təkcə hərbi əməliyyatlarla məhdudlaşmır, eyni zamanda siyasi səhnədə də ciddi qarşıdurmalar yaşanır. Kremlin Ukrayna siyasətinə təsir etmək üçün müxtəlif taktikalara əl atdığı bildirilir.
Moskva, xüsusilə, ABŞ-nin Kiyevə təzyiq göstərməsini və Ukraynada prezident seçkilərinin keçirilməsini əsas hədəf kimi müəyyən edib. Kreml Ukrayna lideri Volodimir Zelenskinin danışıqlar üçün uyğun tərəf olmadığını ABŞ dövlət başçısı Donald Trampa sübut etməyə çalışır və onu hakimiyyətdən uzaqlaşdırmağı prioritet hesab edir.
Bu yanaşma göstərir ki, Rusiya lideri Vladimir Putin Zelenski hakimiyyətdə qaldığı müddətdə güzəştlərə getmək fikrində deyil. Kreml üçün əsas məsələ Zelenskinin qanunsuz elan edilməsi və onun bir daha ölkəyə rəhbərlik etməməsini təmin etməkdir.
Mövzu bağlı Crossmedia.az-a siyasi şərhçi, professor Sabir Məmmədli açıqlama verib: "Ukraynanın Qərb müttəfiqləri arasında fikir ayrılığı və hətta ziddiyyətlərin artması, Putinin siyasi və hərbi strategiyasına təkan verir. Hazırkı dövrdə Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında Ukrayna məsələsinə dair müəyyən fikir ayrılıqları mövcuddur. Bu da Kreml üçün əlverişli şərait yaradır. Rusiya bu vəziyyətdən istifadə edərək Qərb ölkələrini və Ukraynanı maksimum dərəcədə sıxışdırmağa çalışır və gələcəkdə də bu strategiyanı davam etdirəcək".
Siyasi şərhçi vurğulayıb ki, Rusiya ənənəvi olaraq tarixi təcrübəsindən yararlanaraq diplomatik gedişlərini öz maraqlarına uyğun qurur: "Moskva maksimum tələblər irəli sürərək mümkün qədər daha böyük siyasi və diplomatik qazanc əldə etməyə çalışır. Bu tendensiya Rusiya-ABŞ danışıqlarında, eləcə də Putinin irəli sürdüyü tələblərdə açıq şəkildə sezilir. Məsələn, Kreml Qara dənizdə hərbi donanmanın istifadəsinin məhdudlaşdırılması məsələsini gündəmə gətirərək özünə sərfəli bir mühit yaratmağa cəhd edir. Halbuki, Rusiyanın Qara dənizdəki donanmasının böyük bir hissəsi artıq məhv edilib, mövcud qalan hissə isə əhəmiyyətli hərbi güc təşkil etmir. Bu baxımdan Qara dənizdəki təşəbbüs əsasən Ukraynanın əlindədir".
"Digər bir məsələ isə Rusiyanın tətbiq olunan sanksiyaların yumşaldılmasını tələb etməsidir. Moskva ərzaq və balıq məhsullarının ixracı ilə bağlı sanksiyaların qaldırılmasını, eləcə də rus gəmilərinin xarici limanlarda təmir olunmasına icazə verilməsini istəyir. Bundan əlavə, Rusiyanın "Aqrobank"ının beynəlxalq maliyyə sisteminə qoşulması üçün ona qarşı tətbiq edilən sanksiyaların ləğv olunmasını tələb edir. Kreml bu tələblərini açıq şəkildə irəli sürür və diplomatik müstəvidə güzəştə getmək niyyətində deyil" - müsahibimiz əlavə edib.
Professor qeyd edib ki, digər tərəfdən, ABŞ-nin Aİ-yə münasibətdə müəyyən laqeydliyi və Trampın Putinə isti münasibəti də Kreml üçün əlavə üstünlüklər yaradır: "Bu amillər fonunda Rusiya Ukraynanı siyasi və iqtisadi cəhətdən sıxışdırmağa çalışır. Lakin bu, o demək deyil ki, Moskva Kiyevə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamaq iqtidarındadır. Rusiya ordusu hər gün müəyyən irəliləyişlər etsə də, müharibənin uzunmüddətli davam etməsi həm iqtisadi, həm də siyasi baxımdan Kreml üçün çətinliklər yaradır. Avropa ölkələri zamanla toparlanacaq və Ukraynaya dəstəyi davam etdirəcək. Bundan başqa, Kreml Zelenskini siyasi səhnədən uzaqlaşdırmağa çalışır. Lakin Ukraynada seçkilərin keçirilməsi üçün hazırkı şərait əlverişli deyil və yerli siyasi qüvvələr də bunu anlayır. Trampın bu məsələyə yanaşması isə Rusiya üçün əlverişli bir amil olsa da, Zelenskinin yaxın gələcəkdə hakimiyyətdən uzaqlaşdırılması real görünmür".
Xumar Emilqızı
15:09 01.04.2025
Oxunuş sayı: 964