İran müharibəyə hazırlaşır? - "Danışıqlara başlamalı olacaq"

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin "maksimum təzyiq kampaniyası"na qarşı çıxara birbaşa danışıqların yalnız Vaşinqtonun siyasətini yenidən tənzimləməsi halında mümkün olacağını bildirib. Əraqçi ABŞ-nin İrana qarşı təkrarlanan təhdidlərinin danışıqlara getməyi qeyri-mümkün etdiyini və bu vəziyyətdə ölkəsinin hər hansı bir güzəştə getməyəcəyini vurğulayıb. Eyni zamanda İranın müharibəyə hazır olduğunu ifadə edən Əraqçi heç kimə hücum etməyi düşünməməyə çağıraraq, ölkəsinin istənilən ssenariyə hazır olduğunu açıqlayıb. Bu açıqlamalar, İranın ABŞ ilə münasibətlərinin daha da gərginləşməsi və diplomatik çıxmazın dərinləşməsi ilə bağlı sualları gündəmə gətirir.
Mövzu ilə bağlı politoloq Sədrəddin Soltan Crossmedia.az-a açıqlama verib.
O bildirib ki, ABŞ Prezidenti Donald Trampın İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneiyə məktubunda açıqca Tehran rejiminə iki ay möhlət verib: "Bu, İrana qarşı sanksiyaların artması, İranın neft ixracatına, qaz ixracatına və ümumilikdə İran iqtisadiyyatına nəzarətin güclənəcəyi, İranla iqtisadi sahədə əməkdaşlıq edən ölkələrə, ayrı-ayrı şirkətlərə sanksiyaların tətbiqinin artacağı ilə bağlı xəbərdarlıqdır. Yəni Tehranla Vaşinqton arasında vəziyyət hələ hərbi əməliyyatlar səviyyəsinə gəlib çatmayıb. Həmçinin İran hakimiyyəti rəsmi təmsilçilərinin "müharibəyə hazırıq", "heç kim bizi məğlub edə bilməz" , "sərhədlərimiz qırmızı xətimizdir" kimi açıqlamalarını normal qarşılamaq lazımdır. Çünki rejim nümayəndələrinin özlərini və ölkələrini zəif göstərmələri məntiqli deyil. Bu, həm də hakimiyyətin nüfuzdan düşməsinə səbəb ola bilər. Ona görə də İran hakimiyyəti müxtəlif raket anbarlarını göstərir, hərbi qüdrətini nümayiş etdirir, guya hər gün yenilənən hərbi avadanlıqlarını nümayiş etdirir və s. Bununla həmçinin Tehran hakimiyyəti həm də sanksiyaların onun hərbi qüdrətinin artmasına təsirsiz ötüşdüyünü nümayiş etdirir".
Həmçinin politoloq qeyd edib ki, İranın hərbi hazırlığı arxasında onun tərəfdaşları Çin, Şimali Koreya və Rusiyanın dayandığı istisna olunmur: " Həməs-İsrail müharibəsi, Hizbullah, Suriyada Bəşər Əsəd rejiminin süqutu - bunlar hamısı ABŞ-İsrail cütlüyü ilə İran arasında hərbi-siyasi bir münaqişənin ziddiyyətlərinin nəticəsidir. Odur ki, ABŞ ilə İsrail və İran arasında birbaşa sərhəd olmadığından, yalnız hava hücumları, bombardmanlar və s. baş verə bilər. Amma müharibə, İrandakı rejim üçün çox ciddi faciələrə səbəb olacaq. Yəni iki ay sonra əvvəlcə Avropa üçlüyü - Böyük Britaniya, Almaniya və Fransa ilə, sonra isə ABŞ ilə danışıqlara başlamaq ehtimalı daha çoxdur".
Zəhra Məmmədova
16:50 26.03.2025
Oxunuş sayı: 1795