Böyük Qayıdış Proqramının yüksək peşəkarlıqla davam etdirilməsi qələbəmizin rəmzinə çevrilib - Deputat

20 Sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilməsi Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin qürur tablosudur.
İkinci Qarabağ müharibəsi və ondan sonra inkişaf edən hərbi-siyasi proseslər, xüsusilə, uğurla reallaşdırılan antiterror əməliyyatları xalqımızın və dövlətimizin taleyində dönüş nöqtəsi oldu.
2023-cü ildə həyata keçirilən 23 saatlıq antiterror əməliyyatları nəticəsində ölkəmiz suverenliyini, tarixi ədaləti bərpa etməklə yanaşı, erməni sepatiziminin kökünü birdəfəlik olaraq kəsməyi bacardı. Bu son iki yüz ildə çəkilən xəritələrin, qurulan planların və imperiya maraqlarının iflası idi.
Cənab Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günlər xalqımızın uzun illərdir gözlədiyi ədalətin bərpası və torpaqlarımızın bütövlüyünün təmin olunmasıdır.
Möhtərəm cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, müdrik rəhbərliyi və dəmir iradəsi sayəsində həyata keçirilən qətiyyətli addımlar 20 Sentyabr tarixini qələbə bayramına çevirdi. Ölkə rəhbərinin də qeyd etdiyi kimi, "Bu gün tarixi gündür". İşğaldan azad olunmuş Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəranda Azərbaycan bayrağının dalğalanması birliyimizin, gücümüzün və müstəqilliyimizin əbədiliyinin göstəricisidir.
Artıq doğma Qarabağ və Şərqi Zəngəzurun hər qarışı yeni həyat və ümidlərlə canlanır. Böyük Qayıdış Proqramının yüksək peşəkarlıqla davam etdirilməsi minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlmiş qələbənin rəmzinə çevrilmişdir.
Bu gün hər bir azərbaycanlı fəxrlə qeyd edir ki, Qarabağ Azərbaycandır. Biz qalib dövlətin vətəndaşlarıyıq və tarixi Zəfərimiz bütün işğaldan azad olunmuş torpaqlara həyat verir.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının Partiyasının müavini
11:38 19.09.2025
Oxunuş sayı: 1325