Politoloq: "Ermənistan Azərbaycanla kompromisə getmək üçün yeni manevrlər edir"

Ermənistan kommunikasiyaların açılmasına mane olmağa çalışır?
Ermənistan Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinləri səviyyəsində regional nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli komissiyanın işinə qayıtmaq niyyətində deyil.
Bu barədə jurnalistlərə ölkə parlamentinin spikeri Alen Simonyan məlumat verib.
"Xeyr, biz belə bir məsələni müzakirə etmirik", - o vurğulayıb.
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk daha əvvəl jurnalistlərə bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinləri səviyyəsində üçtərəfli komissiyanın işini heç kim dayandırmayıb: "Hazırkı mərhələdə durğun vəziyyətdədir".
Ermənsitan rəsmiləri, elə Simonyan özü də əvvəllər dəfələrlə bildiriblər ki, onlar kommunikasiyaların açılmasında maraqlıdırlar. Elə isə niyə indi komissiyanın işinin bərpa olunmasına qarşı çıxırlar?
Bu barədə Crossmedia.az-a danışan politoloq Samir Hümbətov deyib ki, bu ritorika İrəvanın kommunikasiyaların açılmasında maraqlı olmadığını göstərir: "Onların məqsədi kommunikasiyaların açılmasını tamamilə əngəlləməkdir. Digər ehtimal isə bu məsələni danışıqlarda alver predmetinə çevirmək ola bilər. Yəni, hansısa güzəşt qarşılığında bu prosesi irəlilətmək istəyirlər. Ermənistan sülh müqaviləsində təsir imkanlarını artırmağa çalışır. Lakin maraqlıdır ki, rəsmi İrəvan bir tərəfdən sülh müqaviləsinin mətninin hazır olduğunu və imzalamağa hazır olduqlarını bildirir, digər tərəfdən isə daxildə fərqli mövqelər səsləndirilir".
Ekspertin fikrincə, Simonyanın son açıqlamaları da bu kontekstdə qiymətləndirilməlidir: "Onun bu fikirləri fərdi cəsarət göstəricisi deyil, əksinə, baş nazir Nikol Paşinyanın düşünülmüş strategiyasının bir hissəsi ola bilər. Ola bilər ki, Ermənistan hökuməti Azərbaycanla kompromisə getmək üçün yeni manevrlər edir. Hər halda, qarşıdakı proseslər Ermənistanın həqiqi niyyətlərini daha da aydınlaşdıracaq”.
Zəhra Məmmədova
18:00 25.03.2025
Oxunuş sayı: 3156