Türkiyə “Red Flag” təlimində: 132-ci “Hançerlər”in UFO-lu emblemi gündəm oldu

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) 9 ildən sonra ABŞ-də keçirilən “Red Flag” təliminə qatılıb. Nevadanın “Nellis” aviabazasında təşkil edilən bu beynəlxalq hərbi hava təlimində Türkiyə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də iştirak edib.
Türkiyəni təmsil edən 132-ci “Hançerler” Eskadrilyası, “Mavi Birlik” adı altında çıxış edərək bölgə tanıma uçuşları həyata keçirib. Eskadrilyanın Ömər Erkmen tərəfindən hazırlanan xüsusi emblemində UFO təsviri yer alıb.
Emblemin məna yükü ilə bağlı danışan Ömər Erkmen bildirib ki, bu rəmz AREA 51 ilə bağlı əfsanələrə və “Nellis” aviabazasının yaxınlığındakı UFO hekayələrinə istinad edir. O, emblem haqqında belə deyib:
“Tanınmış ən sərt “Qırmızı Birlik” pilotlarına qarşı “Mavi Birlik” kimi uçacaq pilotlarımız üçün fərqli bir emblem hazırladıq. “Hançerlər” indiyə qədər bütün düşmən təyyarələrini vurub, indi isə heç kimin tapa bilmədiyi UFO-lardan birini təqib etməyə başlayıb.”
Qeyd edək ki, ABŞ HHQ-nin ev sahibliyi etdiyi “Red Flag” təlimi bu il 50-ci dəfə
keçirilir.
10:25 16.03.2025
Oxunuş sayı: 744