Almaniyada ümumi seçkilərin yekun nəticələri açıqlandı

Almaniyada fevralın 23-də keçirilmiş ümumi seçkilərin rəsmi nəticələri açıqlanıb. Federal Seçki Şurasının məlumatına görə, seçkilərdə Xristian Demokrat və Xristian Sosial İttifaqı (CDU/CSU) 28,5 faiz səslə birinci olub.
İfrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası 20,8 faiz səs toplayaraq ikinci, Sosial Demokrat Partiyası (SPD) isə 16,4 faizlə üçüncü yerdə qərarlaşıb. Yaşıllar Partiyası 11,6 faiz, Sol Partiya isə 8,8 faiz səs qazanıb.
Sahra Vaqenknext Alyansı – Anlaşma və Ədalət (BSW) Partiyası və Azad Demokrat Partiyası (FDP) 5 faizlik seçki baryerini keçə bilməyib. BSW 4,98 faiz, FDP isə 4,3 faiz səs toplayaraq Bundestaqdan kənarda qalıb.
630 yerlik Almaniya parlamentində (Bundestaq) deputat yerləri belə bölünüb:
CDU/CSU – 208 mandat
AfD – 152 mandat
SPD – 120 mandat
Yaşıllar – 85 mandat
Sol Partiya – 64 mandat
Bundan əlavə, seçki baryerindən azad edilən Danimarka azlığının partiyası – Cənubi Şlezviq Seçici Birliyi (SSW) 1 mandat qazanaraq parlamentə daxil olub.
Bu nəticələrlə CDU/CSU birinci yeri qorusa da, AfD-nin ikinci yerə yüksəlməsi və sol partiyaların zəifləməsi Almaniyanın siyasi mənzərəsində ciddi dəyişikliklərə işarə edir.
04:35 15.03.2025
Oxunuş sayı: 434