Çalışaq ki, könlümüz iftar etsin

Hazırda İslam aləmi o cümlədən, Azərbaycan müsəlmanları müqəddəs Ramazan ayını yaşayır. Martın 1-dən etibarən Ramazan ayı başlanıb. Ay başlandığı andan etibarən insanlara bu ayın gözəlliyi barəsində danışılır, imsak və iftar vaxtları haqqında məlumat verilir.
Orucluq insanın nəfsinin və bədənin səssiz bir səyahətə çıxdığı, ruhunun təmizləndiyi, hər addımın Allahın mərhəmətinə doğru atıldığı müqəddəs bir səfərdir. Ramazan ayında günəşin ilk işığı ilə səhər namazı çağırışı yavaşca yuxudan ayılan bədənləri yenidən oyadır. Səhərin sərin havasında, sahurdan əvvəlki son qurtum su, insanın ruhuna sükunət gətirən bir ilahi nemətə bənzəyir. O, təkcə bədəni deyil, qəlbi də oyadır, insanı qarşıda duran mənəvi yolculuğa hazırlayır.
Gün yüksəldikcə, orucluq öz sınaqlarını da özü ilə gətirir. Günəşin istisi, bədənin aclığı və susuzluğu, hər biri insanın iradəsini sınayan səssiz imtahandır. Amma bu imtahanlar insanı zəiflətmir, əksinə, ruhunu gücləndirir, nəfsinə hakim olmağa öyrədir.
Axşam yaxınlaşdıqca orucun gətirdiyi sükunət hissi daha da dərinləşir. İnsan yalnız aclığın yox olacağını deyil, həm də ruhunun bir növ yüngülləşəcəyini bilir. Nəhayət, iftar vaxtı gəlib çatır. İlk qurtum su, ilk tikə çörək… Sadə görünsə də, bu anların dəyəri hər kəs üçün ölçüyə gəlməzdir. Sanki bütün gün çəkilən çətinliklər bir an içində unudulur, yerini şükür və minnətdarlıq hissi alır…
Orucluq bir səfərdir – insanın nəfsindən, maddi arzularından, qəlbindəki qaranlıqdan aydınlığa doğru gedən bir yoldur. Bu yolculuqda hər addım, hər səbr anı, hər dua insanı bir az da kamilləşdirir, ruhunu bir az da saflaşdırır. Orucluq yalnız bədən üçün deyil, ruh üçün də bir qidadır, qurtuluşdur.
Crossmedia.az mövzu ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyliyə müraciət edib.
İlahiyyatçı ilk olaraq bildirib ki, orucluq ibadəti Ramazan ayının olmazsa olmaz əmrlərindən ibadətlərindən biridir: “Orucluqla bağlı Qurani Kərimin əl-Bəqərə surəsinin 183-cü ayəsində Rəbbimiz bir əmr verib ona binaən Yer üzünün dörd bir tərəfində İslam ümmətinin inanan insanları, oruc tutmağa can atırlar. Çünki orucun içərisində 1001 hikmət var. Əsas olan odur ki, hər hikmət nə qədər dərin olsa da, insanlar əsasən onu Allahın əmri olduğuna görə, Rəbbimizin rizası üçün bu əmri yerinə yetirməyə, bu ibadəti tamamlamağa çalışırlar”.
Onun sözləri görə, orucluq aylıq bir kurs kimi təsvir edilə bilər: “Bir ay boyunca müsəlmanlar inanan adamlar göy üzünün bu rəhmət süfrəsi ətrafında əyləşməyə çalışacaqlar. Bu süfrənin bərəkətini evlərinə daşıyacaqlar, bu süfrənin bərəkətini iş yerlərinə daşıyacaqlar. Ədəblərinə, əxlaqlarına çəkəcəklər və təbii ki, zənginləşməyə çalışacaqlar. Bu baxımdan orucluğun əsas hikməti Qurani-Kərimdə vurğulanan kimi: “la’allakum tattaqoon “ ayəsindədir ki, oruc tutan insanın hədəfi o ilahi təqvaya çatmasıdır”.
A.Hacıbəyli vurğulayıb ki, bir ay boyunca bir insan, mənən yüksəlib ali bir zirvə olan təqva zirvəsinə çatması üçün səy göstərməlidir: “Allah qorxusundan uzaq olmaq, Allah sevgisindən də məhrum olmamaq deməkdir. Yəni Allah qorxusundan uzaq olmaq deyərkən, insanın Allahdan uzaq düşməməsidir. Təqva haramlardan uzaq olur, yasaqlardan uzaq olur, günahlardan uzaq olur. Bu mənada uzaq mənasını söyləyirik. Əslində təqva Allaha yaxınlaşmaqdır. Təqva bağışlamaqdır, mərhəmətdir. Təqva şəfqətdir, təqva sevgidir. Halallarla Allaha yaxınlaşmaqdır, gözəl işlərlə, gözəl əməllərlə yanaşmaqdır və bir çox çalarlıqları var.
Orucluğun vacib buyurulmasını Qurani-Kərim əl-Bəqərə surəsində "Ya ayyuha allatheena amanoo kutiba AAalaykumu assiyamu kama kutiba AAala allatheena min qablikum laAAallakum tattaqoon” (Əl-Bəqərə 183) ayəsində söyləndiyi kimi "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz". Bu hökm təbii ki, şaban ayında nazil olmuşdu və peyğəmbərimiz (s.ə.v) doqquz il oruc tutub”.
Təbii ki, oruc ac qalmaq deyil:
“Oruc tutan insan səhərdən axşama qədər təqribən yayda 17-18, qış və payız fəsillərində isə bu hardasa 12 saata qədər dəyişə bilir. Əslində oruc tutmaq ac-susuz qalmaq deyil. Ac-susuz qalan insanlar pəhriz saxlamış olur. Oruc bir ibadətdir. Oruc bir yaxınlaşmadır. Oruc bir mənəvi tərbiyədir, ruhun tərbiyəsidir, nəfsin tərbiyəsidir. Eyni zamanda qəlbin tərbiyəsidir. Özəlliklə insanın daxili dünyanın bu yeddi başlı əjdaha olan nəfsin istiqamətlənməsi üçün tərbiyəsi üçün bir aylıq böyük bir mübarizədir və insan çalışacaq ki, Ramazan ayı boyunca həqiqi mənası ilə dilinə oruc tutsun. Dilin iftarı gözəl sözdür. Çalışacaq ki, könlümüz iftar etsin. Könlün iftarı gözəl duyğudur. Çalışacaq ki, əlin iftarı olsun. Əlin iftarı xeyirli əməllərdir. Çalışacaq ki, gözümüz də oruc tutsun. Gözün iftarı Rəbbin camalını varlıq aləmində seyr etməkdir. Çalışacaq ki, ağlına oruc tutsun. Eyni zamanda ağlın əslində orucu da insanlığın qurtuluşu üçün kainatdakı həqiqətləri anlamaq üçün çalışmasıdır. Qeyd etdiyimiz kimi, oruc ac, susuz qalmaq deyil, əslində insanın maddəsinin, yəni bədəninin ruhuna baş əyməsidir. Bu ay boyunca insanlar çalışacaq ki, oruc tutub fəqir yoxsul insanların halını anlasınlar. Onların yaşadıqları o çətin vəziyyəti idrak etsinlər və o insanların əlindən tutsunlar, onlara yardım eləsinlər, onlara kömək olsunlar. Bu orucun vasitəsilə cəmiyyətin içərisində sosial ədalətin təminatı üçün çox ciddi addımlar atmaq mümkündür. Əslində orucun fəlsəfəsində, hikmətində, sirrində yatan dəyərlər bundan daha da dərindir. Amma əsas olan odur ki, bəli, oruc tutan insanlar bir mənada cəmiyyətin əlindən tutar, xalqın əlindən tutar, millətin əlindən tutar, bayrağın ətəyindən tutar və dəyərləri yaşatmağa çalışar”,- deyən ilahiyyatçı fikrini yekunlaşdırıb.
Nəzrin Salmanova
10:28 11.03.2025
Oxunuş sayı: 6351