İmamoğlu: "Dəyişiklik qaçılmazdır!"

Türkiyənin tanınmış siyasətçisi, İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu ölkə üzrə genişmiqyaslı turuna start verib. CHP-nin qalası sayılan İzmir şəhərindən turuna başlayan İmamoğlu, cəmiyyətə dəyişiklik mesajı verib və siyasi rəqiblərinə səslənib.
İmamoğlu çıxışında ölkədə dəyişimin zəruri olduğunu vurğulayıb:
"Ölkə konstitusiyasının başına hər oyun açaraq yenidən taxt-tac uğrunda mübarizə aparanlara demək istəyirəm ki, heç nə əbədi deyil! Bu postun da sizdə əbədi qalmasına imkan verməyəcəyik. Allahın dəstəyi və millətin iradəsi ilə bu dəyişiklik baş verəcək!"
Crossmedia.az xəbər verir ki, 23 mart tarixini yeni bir başlanğıc adlandıran siyasətçi, seçki yolunda hüquqi və istintaq maneələrinin onu dayandıra bilməyəcəyini bildirib:
"Türk millətinin iradəsinə qarşı gəlmək istəyənlər var. Onlara buradan səslənirəm: Sizdən qorxmuram və buradayam! 23 martda millətin iradəsi qarşısında məğlub olacaqsınız!"
Siyasi rəqiblərinə "hodri meydan" çağırışı edən İmamoğlu, mübarizəsində qalib gələcəyinə inandığını bildirib:
"Millətə işgəncə verən bir ovuc insan uduzacaq, Türkiyə qazanacaq. Gülər üzümüzə, təmiz qəlblərimizə, təvazökarlığımıza və dözümlülüyümüzə məğlub olacaqlar! Cümhuriyyət Xalq Partiyası uğur qazanacaq, Türkiyə qazanacaq!"
İzmirdən yola düşən İmamoğlunun növbəti dayanacaqları və seçki strategiyası ölkə siyasətində böyük maraqla izlənir.
Pərvin Hacıyeva
12:40 09.03.2025
Oxunuş sayı: 1394