HƏMAS: İsrail atəşkəsi pozaraq danışıqlardan yayınır

HƏMAS İsraili Qəzzada atəşkəs razılaşmasını pozmağa və ikinci mərhələ üzrə danışıqlardan yayınmağa çalışmaqda ittiham edib. Hərəkatın yüksək rütbəli rəsmisi Osama Hamdan verdiyi video bəyanatda İsrailin razılaşmaya əməl etmədiyini bildirib.
“Razılaşmanın birinci mərhələsində baş verən pozuntular göstərir ki, işğalçı İsrail hökuməti atəşkəsin pozulmasına çalışır və bunu məqsədli şəkildə həyata keçirir”, – Hamdan qeyd edib.
O, İsrailin atəşkəsin ilk mərhələsini uzatmaq cəhdlərini “sazişdən yayınmaq və ikinci mərhələ üzrə danışıqlardan qaçmaq” kimi dəyərləndirib.
“Netanyahu və onun ekstremist hökumətinin xalqımıza qarşı humanitar yardımları təzyiq vasitəsinə çevirməsini qınayırıq. Beynəlxalq ictimaiyyət İsrailə təzyiq göstərməli və yardımların Qəzzaya girişini təmin etməlidir”, – HƏMAS rəsmisi bildirib.
Xatırladaq ki, İsrail Qəzzaya ərzaq və digər vacib humanitar yardımların girişini tamamilə dayandırıb. Netanyahu hökuməti atəşkəsin ikinci mərhələsi üzrə danışıqlara keçmək əvəzinə, onun birinci mərhələsinin uzadılmasını nəzərdə tutan ABŞ təklifini qəbul etməsi üçün HƏMAS-a təzyiq göstərir. Bu isə İsrail qüvvələrinin Qəzzadan çıxmasını nəzərdə tutan ilkin razılaşmaya zidd hesab edilir.
Mədinə Cəlilova
00:35 04.03.2025
Oxunuş sayı: 880