Zərif istefasından SÖZ AÇDI

İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif dünən “X” hesabında istefası barədə paylaşım edərək yazıb: “Son 6 ayda, eləcə də hökumət daxilində özümə və ailəmə qarşı ən gülünc təhqir, böhtan, təhdidlərlə üzləşsəm də, 40 illik xidmətin ən acı dövrünü keçsəm də, xidmət ümidi ilə inadla yaşamışam”.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Zərifin sözlərinə görə, heç vaxt çətinliklərdən qaçmayıb və 40 il ərzində müharibənin sona çatmasından tutmuş, nüvə məsələsinin bitməsinə qədər milli maraqların müdafiəsində oynadığı kiçik rola görə təhqirlərə və böhtanlara dözüb.
“Ədliyyə-Məhkəmə Sisteminin sədrinin dəvəti ilə görüşə getdim. Ölkənin vəziyyətinə toxunaraq, hökumətə basqıların qarşısını almaq üçün mənə universitetə qayıtmağı tövsiyə etdi. Mən də dərhal qəbul etdim... Ümid edirəm ki, vəzifəmdən uzaqlaşmaqla xalqın iradəsinə, hökumətin uğurlarına mane olmaq bəhanələri aradan qalxacaq...”, - deyə, Zərif vurğulayıb.
11:47 03.03.2025
Oxunuş sayı: 1231