Dəmir iradə, Böyük Qələbə: general Hikmət Mirzəyev

Bu gün, 29 fevral, Azərbaycanın igid oğlu, vətən müharibəsi qəhrəmanı, Azərbaycan ordusuna misilsiz xidmətləri olan general-polkovnik Hikmət İzzət oğlu Mirzəyevin doğum günüdür.
Hikmət Mirzəyev 1968-ci ildə Biləsuvar şəhərində anadan olub. O hərbi sahədə göstərdiyi misilsiz xidmətləri və qəhrəmanlığı ilə xalqımızın qəlbində əbədi yer tutmuşdur.
1989-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirərək, SSRİ Silahlı Qüvvələrində taqım komandiri kimi xidmətə başlayan Mirzəyev, 1992–1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində bölük, tabor və briqada komandiri vəzifələrində çalışmışdır. 1997–1998-ci illərdə Türkiyə Quru Qoşunları Hərbi Akademiyasında aldığı təhsil, onun peşəkar inkişafında mühüm rol oynamışdır. 1999-cu ildən etibarən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən Mirzəyev, 2014-cü ildən bu qüvvələrin komandanı vəzifəsinə təyin olunmuşdur.
Birinci Qarabağ müharibəsində kapitan rütbəsində kəşfiyyat bölüyünün komandiri kimi iştirak edən Hikmət Mirzəyev, 1992-ci ilin dekabrında Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyinin azad edilməsi əməliyyatında xüsusi fəallıq göstərmişdir. Onun peşəkarlığı və cəsarəti sayəsində, bu strateji əhəmiyyətli yüksəklik uğrunda gedən döyüşlərdə mühüm nailiyyətlər əldə edilmişdir.
2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ildə Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin komandanı olaraq, general-polkovnik Mirzəyev, Cəbrayıl və Şuşa şəhərlərinin işğaldan azad edilməsində əsas rol oynamışdır. Onun rəhbərliyi altında Azərbaycan Ordusu, düşmənə sarsıdıcı zərbələr endirərək, torpaqlarımızın azadlığına nail olmuşdur.
Xidməti dövründə göstərdiyi qəhrəmanlığa görə, general-polkovnik Hikmət Mirzəyev bir sıra yüksək mükafatlara layiq görülmüşdür. Onun təltif olunduğu orden və medallar arasında "Azərbaycan Bayrağı" ordeni, "İgidliyə görə" medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Qarabağ" ordeni xüsusi yer tutur. 2020-ci ildə ona "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı verilmişdir.
2024-cü il yanvarın 11-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı vəzifəsinə təyin edilən Hikmət Mirzəyev, noyabrın 7-də general-polkovnik rütbəsinə yüksəlmişdir.
General-polkovnik Hikmət Mirzəyev, peşəkarlığı, vətənpərvərliyi və sarsılmaz iradəsi ilə Azərbaycan Ordusunun gücünü və qüdrətini təcəssüm etdirir. Onun həyat yolu, gənc nəsillər üçün əsl qəhrəmanlıq nümunəsidir.
Ayhan Ağarzayev
20:00 28.02.2025
Oxunuş sayı: 1257