Tramp "dünyanı necə dağıdacaq?" - "Əvvəlcə NATO parçalanacaq, sonra da..." - MÜSAHİBƏ

Kanadanın "Beş Göz" kəşfiyyat alyansından çıxarılması Ağ Evdə ciddi müzakirə olunur. Bu təklifin müəllifi ABŞ Prezidenti Donald Trampın ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro olub. "Beş Göz" alyansı, ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya arasında kəşfiyyat məlumatlarının mübadiləsini təmin edən bir təhlükəsizlik qurumudur. Bu isə o deməkdir ki, rəsmi Ottavanın qurumdan çıxması ciddi mənada onun ziyanına ola bilər.
Ağ Evdəki mənbələrə istinadən verilən məlumata görə, ABŞ rəsmi hakimiyyəti Kanadanın bu alyansdan çıxarılmasının, ölkənin sərhədindəki qanunsuz miqrasiya ilə mübarizəni daha da gücləndirəcəyinə ümid edir. Tramp administrasiyası Kanadanın ABŞ ərazisinə qanunsuz miqrant axını ilə mübarizə məsələsində daha sıx əməkdaşlıq etməsini istəyir. Hazırda Trampın bu təklifi necə cavablandıracağı hələ qeyri-müəyyəndir. Lakin bu məsələnin Vaşinqtonda geniş şəkildə müzakirə olunduğu bildirilib.
Bütün hallarda ABŞ son zamanlar Kanadanı sözün əsl mənasında "gözüm çıxdıya salıb". Bu, verilən bəyanatlardan da açıq şəkildə görünür.
Politoloq Elçin Xalidbəyli ABŞ hakimiyyətinin özünün geosiyasi "boss" ritorikası ilə bağlı Crossmedia.az-ın suallarını cavablandırıb:
- ABŞ-nin Kanada ilə bağlı siyasətini necə qiymətləndirirsiniz?
- Son illər ərzində ABŞ-nin Kanada ilə bağlı siyasi yanaşmaları, xüsusilə Donald Trampın rəhbərlik etdiyi administrasiyada, ciddi narahatlıqlara səbəb olub. Tramp administrasiyasının Kanadaya dair açıqlamaları və strategiyaları, bir çox beynəlxalq əlaqələri və qlobal sabitliyi təhdid edən, qorxunc bir prosesin başlanğıcını qoyur. Tramp Kanada dövlətinin mövcudluğunu şübhə altına alan və onu ABŞ-nin bir hissəsi etməyə çalışan siyasət yeridir. Tramp administrasiyası Kanadanın dövlət kimi varlığını ABŞ-nin büdcəsindən ayrılan milyardlarla dollara əsaslanaraq sual altına alır. Tramp Kanadadakı mövcudluğun iqtisadi olaraq ABŞ-nin maliyyə yükü olduğunu və bu yükün bir ştatın tərkibində daha optimal şəkildə həll edilə biləcəyini irəli sürür. Trampın fikrincə, Kanadanın ABŞ-ə qatılması daha uyğundur. Çünki bu, hər iki tərəf üçün iqtisadi və strateji baxımdan faydalı olacaq. Tramp administrasiyasının bu yanaşması yalnız Kanada ilə məhdudlaşmır. ABŞ Kanadadan kənarda da sərhədlərini genişləndirməyi hədəfləyir. Bu genişlənmə strategiyasına Qrenlandiya və Panama kimi regionlar da daxildir. Tramp bu əraziləri öz sərhədlərinə qatmaqla, ABŞ-nin beynəlxalq mövqeyini gücləndirməyi məqsəd qoyur. Bu, sadəcə Kanada üçün deyil, ümumilikdə dünya üçün böyük təhlükələr yarada biləcək bir prosesdir. Əgər bu cür genişlənmə yanaşması dünya miqyasında qəbul olunarsa, digər böyük dövlətlər də öz sərhədlərini genişləndirmək məqsədi güdə bilər. Nəticədə bütün dünya xaosa sürüklənə bilər. Kanadanın dövlətçiliyinə qarşı təzyiqlər nəticəsində NATO-nun daxili strukturlarının da sarsılması istisna deyil.
- Niyə belə düşünürsünüz?
- Məsələ burasındadır ki, rəsmi Ottava NATO-nun üzvüdür və bu qurumun nizamnaməsinə əsasən, üzv dövlətlərin suverenliyi və sərhədlərinin toxunulmazlığı təmin olunur. Əgər ABŞ Kanadanın dövlətçiliyinə qarşı təzyiq göstərərsə, NATO bu məsələyə müdaxilə etməyə məcbur olacaq. Bu, həm də ABŞ-nin NATO daxilindəki mövqeyini təhlil etməyə və ya bu təşkilatdan çıxmağa vadar edər. Bu proses eyni zamanda Tramp administrasiyasının beynəlxalq əlaqələrini ciddi şəkildə sarsıda bilər və yeni bir diplomatik böhranın başlanğıcı ola bilər. Tramp administrasiyasının Kanada və digər ölkələrlə sərhədlərini genişləndirmək niyyəti, qlobal siyasi mühitdə böyük dəyişikliklərə səbəb olar. Bu genişlənmə cəhdləri dövlətlər arasında suverenlik mübahisələrinə yol açaraq dünya miqyasında iqtisadi və siyasi sabitliyi poza bilər. Həmçinin bu cür addımlar beynəlxalq hüquq və dövlətlərarası münasibətlərə ciddi zərbə vurar. Əgər ABŞ bu cür təzyiqləri davam etdirərsə, digər böyük dövlətlər də oxşar addımlar atmağa başlayar və bu, bəşəriyyətin qarşılaşdığı ən böyük təhlükələrdən birinə səbəb olar. Tramp administrasiyasının Kanada üzərindəki təzyiqləri və genişlənmə siyasəti dünya miqyasında böyük bir təhlükə yaratma potensialına malikdir. Bu yanaşma yalnız Kanada üçün deyil, bütün dünya üçün ciddi təhlükə doğurur. Kanadanın dövlətçiliyinin sıradan çıxması və ABŞ-yə qatılması, qlobal güclərin sərhədlərini dəyişdirmək istədikləri təqdirdə dünyanın hansı xaosa sürüklənəcəyini göstərir. Beynəlxalq birgə tədbirlər və diplomatik müdaxilələr olmadan bu cür proseslər bəşəriyyəti böyük böhranlara sürükləyə bilər. Bu səbəbdən dünya liderləri və beynəlxalq təşkilatlar ciddi preventiv addımlar atmalıdır.
- Sizcə, ABŞ və Avropa İttifaqı arasında gərginlik hansı mərhələyə qədər davam edəcək?
- Bu iki qlobal siyasi mərkəz ənənəvi müttəfiqlik əlaqələrini dayandırıb və faktiki olaraq rəqabət dövrünə keçiblər. Ukrayna böhranının və müharibəsinin dayandırılması ilə bağlı proseslər həm Ukraynanın taleyinin müəyyənləşməsini, həm də Aİ-nin bu prosesə cəlb edilməsini nəzərdə tutur. Halbuki, Aİ-nin Ukraynaya verdiyi maliyyə dəstəyi ABŞ-nin verdiyi dəstəkdən az deyil. Rusiyaya qarşı sanksiyalar paketində əsas müəllif məhz Aİ-dir. Bütün bunları nəzərə alaraq, Aİ məqsədli şəkildə bu proseslərdən kənara atılır. Məqsəd həm də Rusiyanı Aİ üçün təhdid obyekti olaraq görməkdir. Tramp administrasiyasının planlarına əsasən Aİ yaxın gələcəkdə ABŞ-dan asılı vəziyyətə düşə bilər. İttifaq həm iqtisadi, həm də ticari münasibətlərdə, eləcə də hərbi-siyasi məsələlərdə, bütün sahələr üzrə ABŞ-nin təlimatları ilə idarə olunan bir quruma çevrilə bilər. Böyük ehtimalla Aİ ABŞ-nin qlobal hegemonluğunun qarşısındakı ən ciddi əngəllərdən biri olaraq görülür. Rəsmi Vaşinqton Brüsseli beynəlxalq oyunçu kimi sıradan çıxarmağa və bu qurumdan maliyyə axınını öz tərəfinə çəkməyə çalışır. Sonra Tramp administrasiyasının hədəfi daha böyük olacaq.
- Nələr gözlənilir?
- Əsl hədəf isə Çin olacaq. Bu problemləri həll etdikdən sonra, ABŞ bütün diqqətini Çinin üzərinə yönəldəcək. Çin iqtisadiyyatı zəiflədiləcək, iqtisadi-ticari dövriyyəsi məhdudlaşdırılacaq. Əgər Tramp administrasiyası bu planları həyata keçirərsə, böyük ehtimallan ABŞ dünyanı təkbaşına idarə edən bir supergücə çevriləcək. Son zamanlar Tramp administrasiyasının bu strateji hədəflərinə qarşı yeni bir düşərgənin ortaya çıxmağa başladığı müşahidə edilir.
- Bəs belə davam edərsə, Trampın impiçment məsələsi gündəmə gələ bilər?
- Böyük ehtimalla bu, olmayacaq. Çünki ABŞ konqresində Trampın lideri olduğu Respublikaçılar üstünlüyə malikdirlər. Onlar, həmçinin Senatda da dominant mövqeyə sahibdirlər. Bu vəziyyətdə impiçmentin Trampa qarşı tətbiq edilməsi, demək olar ki, mümkünsüzdür.
- ABŞ daxilindəki proseslərdə iş adamı İlon Mask hansı rola malikdir? Onun Trampı idarə etdiyi deyilir...
- Ölkədə görünməz siyasi ideologiya mövcuddur. Bu savaşın başında məhz Mask dayanır. Mask vasitəsilə iberal-demokrat düşərgəsinə böyük bir hücum yönəlib. ABŞ-dakı USAİD qurumunun bağlanması əslində, dünyanı xilas etməkdən çox, Demokratlar partiyasının mexanizmlərini zərərsizləşdirmək məqsədini güdür. Eyni zamanda demokratlar partiyasına daxil olan nəhəng mətbuat qurumlarının maliyyə kanalları da qapadılıb. Bütün bu hadisələr, ABŞ-da başlayan böyük bir savaşın, yəni liberal-demokrat qüvvələrin sıradan çıxarılmasına yönəlik kampaniyanın başladığını göstərir. Həmçinin bu proses ABŞ-nin Aİ ilə bağlı siyasətində də müşahidə olunur. Aİ-nin demokratiya nəbzini tutan yanaşması, artıq avtofeodalizmə çevrilib. Rəqiblərə qarşı tətbiq edilən senzura və hətta həbslərlə Aİ-nin əsas ideoloji mexanizmi əlindən alınır. Bu vəziyyətin nəticəsi olaraq, Aİ artıq demokratiya dərsi verməkdən uzaqlaşıb. Həmçinin, Avropada keçirilən seçkilərdə irqçi, ulturamillətçi və faşizmə meyilli qüvvələr hakimiyyətə yaxınlaşır və artıq ABŞonları dəstəkləyir. Almaniyada hakimiyyət dəyişikliyi baş verib, Fransada isə Emmanuel Makron hakimiyyətinin sona çatacağı gözlənilir. Çünki bu ölkədə ciddi problemlər yaşanır. Bütün bu proseslər nəzərə alındıqda, həm ABŞ, həm də Avropa məkanında Tramp administrasiyasının qlobalistləri sıradan çıxarmağa başladığı görünür.
Xumar Əhmədova
12:14 27.02.2025
Oxunuş sayı: 2182