CROSSMEDIA - Deputat: "...Heç bir sülh müqaviləsinin bağlanması mümkün deyil"
Gündəm

Deputat: "...Heç bir sülh müqaviləsinin bağlanması mümkün deyil"

Ermənistanın Konstitusiyaya düzəlişlər vasitəsilə Azərbaycana qarşı ərazi iddialarından qanuni şəkildə imtina etməklə normallaşma prosesində əsas maneəni aradan qaldıracağını gözləyirik.

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov fevralın 24-də Cenevrədə İnsan Hüquqları Şurasının 56-cı Sessiyasının Yüksək Səviyyəli İclasında bildirib ki, Ermənistanın Konstitusiyaya düzəlişlər vasitəsilə Azərbaycana qarşı ərazi iddialarından qanuni şəkildə imtina etməklə normallaşma prosesində əsas maneəni aradan qaldıracağı gözlənilir.

O qeyd edib ki, ötən il ərzində Azərbaycan və Ermənistan birbaşa ikitərəfli müzakirələr yolu ilə, xüsusilə ikitərəfli sülh sazişinin hazırlanması, dövlət sərhədinin delimitasiyası və demarkasiyası istiqaməti daxil olmaqla normallaşma prosesində əhəmiyyətli irəliləyiş əldə ediblər.

"Münaqişədən sonrakı reabilitasiya münaqişənin bütün mənfi nəticələrinin aradan qaldırılmasını tələb edir ki, bu da eyni zamanda cinayət törətməkdə şübhəli bilinən şəxsləri ədalətə cəlb etməyi ehtiva edir. Bu Azərbaycanın təkcə hüququ deyil, həmçinin beynəlxalq hüquqa görə müharibə cinayətləri törətməkdə şübhəli bilinənləri məsuliyyətə cəlb etmək öhdəliyidir. Biz təqsirləndirilən şəxslərin bütün prosessual hüquqlarının lazımi beynəlxalq standartlara uyğun şəkildə təmin olunmasını təmin etmişik və bundan sonra da davam edəcəyik. Bu səylər ədalətə xidmət edəcək", - E.Məmmədov deyib.

Onun sözlərinə görə, müharibə dövründə törədilmiş cinayətlərdən danışarkən münaqişə nəticəsində itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilməsi və ailələrinin davamlı əzab-əziyyətinə son qoyulması mühüm əhəmiyyət kəsb edir: 

"Biz BMT-nin müvafiq orqanlarını və mexanizmlərini bu insanların taleyinə və harada olduqlarına aydınlıq gətirmək məqsədilə bu məsələni öz gündəliyində yüksək tutmağa və Ermənistandan tam əməkdaşlıq tələb etməyə çağırırıq".

E.Məmmədov vurğulayıb ki, digər bir mühüm məsələ isə münaqişənin ilk illərində Ermənistandan qovulmuş 250 mindən çox azərbaycanlının təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını təmin etməkdir: "Onlar beynəlxalq insan hüquqları hüququnun açıq-aşkar pozulması ilə öz ata-baba yurdlarından məhrum qalıblar. Bir vaxtlar Ermənistanda ən böyük milli azlığı təşkil edən Qərbi Azərbaycan İcmasının onların dinc qayıdışının asanlaşdırmaqla bağlı dialoqa başlamaq çağırışlarına yenə də məhəl qoyulmur və bu səylər Ermənistan hökuməti tərəfindən Azərbaycanın ərazi iddiası kimi qəsdən yanlış şərh edilir. Bu, BMT-nin müvafiq mexanizmləri tərəfindən lazımi qaydada nəzərdən keçirilməli olan bizi narahat edən məsələdir".

Ermənistanın Konstitusiyaya düzəlişlər vasitəsilə Azərbaycana qarşı ərazi iddialarından qanuni şəkildə imtina etməklə normallaşma prosesində əsas maneəni aradan qaldıracağı

"Əfsuslar olsun ki, Azərbaycanın ərazilərinin minalardan və digər partlayıcı qurğulardan ibarət olan böyük miqdarda çirkləndirilməsi bizim bərpa işlərimizin uğurla davam etdirilməsi üçün əhəmiyyətli maneə olaraq qalır. 2020-ci ildə münaqişənin bitməsindən sonra mülki şəxslər daxil olmaqla 400-ə qədər azərbaycanlı minaların qurbanı olub. Humanitar minatəmizləmə fəaliyyətinə beynəlxalq dəstəyin artırılmasına, minaların insan hüquqlarının təminatına mənfi təsirinin aradan qaldırılmasına, mina qurbanlarının reabilitasiyasına dəstək göstərilməsi çağırışımızı bir daha təkrar edirik", - XİN başçısının müavini əlavə edib.


Nazir müavininin səsləndirdikləri fikirlər barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Nizami Səfərov söyləyib ki, müharibələr və silahlı münaqişələrin tarixi post-münaqişə dövründə sülh müqavilələrinin bağlanmasının beynəlxalq təhlükəsizliyin bərqərar olunması üçün əsas hüquqi amil olduğunu sübut edir: "İkinci Qarabağ müharibəsinin Azərbaycanın Zəfəri ilə nəticələnməsinə və Azərbaycanın qalib tərəf olmasına rəğmən, ölkəmiz beynəlxalq hüququn beş fundamental prinsipinə əsaslanan sülh müqaviləsinin bağlanması təklifini irəli sürmüşdür. Ancaq belə bir irimiqyaslı beynəlxalq-hüquqi aktın imzalanması prosesi ciddi maneələrlə rastlaşmışdır. Məsələ burasındadır ki, Ermənistanın müstəqillik haqqında bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar həmçinin Ermənistan konstitusiyasının preambulasında da öz əksini tapıb. Bu cür beynəlxalq hüquqa zidd yanaşma aradan qaldırılmadan heç bir sülh müqaviləsinin bağlanması mümkün deyil".

Parlamentari qeyd edib  ki, Azərbaycan  Prezidenti İlham Əliyevin qəti mövqeyi ondan ibarətdir ki,  yalnız Ermənistan konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər: "Məhz dövlətimizin əsaslı və birmənalı mövqeyi nəticəsidə Ermənistanın baş naziri etiraf etməyə məcbur olub ki, "əgər Ermənistanın dövlət siyasəti müstəqillik bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq". Xatırlamaq istərdim  ki, bunu Nikol Paşinyan 2024-cü il fevralın 1-də ölkənin İctimai radiosuna müsahibəsində deyib.n Bir necə gün öncə Ermənistan rəhbərliyi müraciətlə çıxış edərək, ölkə konstitusiyasının dəyişdirilməsi üçün referendum keçirilməsinin vacibliyini bildirib. Qeyd edilib ki, konstitusiyanın qəbul edilməsi ilə bağlı keçirilən referendumlar legitimlik baxımından cəmiyyət tərəfindən ciddi sual altına qoyulub. Yeni konstitusia referendumunun 2026-cı il parlament seçkilərindən sonra keçirilməsi nəzərdə tutulur".

Kənan Novruzov 

14:45 25.02.2025

Oxunuş sayı: 1088

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR