Bu, Azərbaycan xalqı üçün misilsiz və tarixi bir Zəfərdir - Deputat
Azərbaycan xalqı bu il tarixinin ən parlaq səhifələrindən birini — Vətən müharibəsində qazanılan Zəfərin beşinci ildönümünü qeyd edir. Beş il əvvəl Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun rəşadəti, xalqımızın birliyi və şəhidlərimizin müqəddəs qanı sayəsində torpaqlarımız işğaldan azad olundu. Bu möhtəşəm qələbə yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də milli qürur və dövlət gücünün təsdiqi kimi tarixə düşdü. Bu gün isə azad olunmuş ərazilərdə geniş bərpa və quruculuq işləri aparılır, Azərbaycan öz gücünə yeni həyat qurur və regionda sülh, inkişaf, təhlükəsizlik modelini formalaşdırır.
Milli Məclisin deputatı Cavanşir Paşazadə Crossmedia.az saytına açıqlamasında bu Zəfərin dövlətimizin qətiyyəti, ordumuzun gücü və xalqımızın fədakarlığı sayəsində qazanıldığını vurğulayıb: "Azərbaycanın tam müstəqilliyinin təmin olunmasından artıq beş il ötür. Bu böyük nailiyyət Ali Baş Komandan İlham Əliyev cənablarının apardığı düzgün və uzaqgörən siyasətin, Azərbaycan Ordusunun gücünün, hərbi qulluqçularımızın fədakarlığının, dost ölkələrin dəstəyinin və şəhidlərimizin canı-qanı bahasına əldə olunmuşdur. Təbii ki, qardaş Türkiyənin siyasi dəstəyi bu prosesdə mühüm rol oynamışdır.
44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın otuz ildən artıq işğalda saxladığı torpaqlar azad edildi. Bu, Azərbaycan xalqı üçün misilsiz və tarixi bir Zəfərdir. Şübhəsiz ki, bu, böyük bir bayramdır və ölkəmizin ən şərəfli səhifələrindən biridir. Bu beş il ərzində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Hava limanlarının, iri tunellərin, yol və digər infrastruktur layihələrinin inşası, xarici nümayəndə heyətlərinin həmin bölgələri ziyarət etməsi Azərbaycan dövlətinin gücünün və iradəsinin göstəricisidir. Eyni zamanda, uzun illərdən sonra şəhidlərimizin qalıqlarının tapılması və ailələrinə təhvil verilməsi də həmin torpaqların keçdiyi ağır tarixdən xəbər verir".
O, müharibə zamanı görülən bütün işlərin xarici maliyyə yardımına ehtiyac olmadan, tamamilə Azərbaycanın öz gücü və resursları ilə həyata keçirildiyini bildirib: "Bütün bu işlər heç bir xarici maliyyə dəstəyi olmadan, yalnız Azərbaycanın öz hesabına həyata keçirilir. Biz dost ölkələrdən siyasi dəstək almışıq, lakin maliyyə yardımı almamışıq.
Qeyd etmək lazımdır ki, SSRİ dövründə on beş respublikanın hər birində bu kimi problemlər mövcud idi. Lakin bu gün həmin respublikaların arasında işğal altındakı torpaqlarını tam azad etmiş, suverenliyini tam bərpa etmiş ilk ölkə Azərbaycandır. Bu, bizim üçün böyük üstünlükdür və dünya tərəfindən də qəbul edilir".
Deputat, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərin, regionun mühüm logistika və iqtisadi mərkəzinə çevrildiyini qeyd edib: "Hazırda Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə həmin ərazilərdə logistika marşrutları, eləcə də türk dünyası ilə birgə beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsi istiqamətində işlər aparılır. İnşallah, yaxın vaxtlarda bu sahədə də böyük uğurlara imza atacağıq".
Sonda C.Paşazadə xalqımızı Zəfər bayramı münasibətilə təbrik edib: "Bu münasibətlə mən bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlamlıq arzu edirəm".
19:53 05.11.2025
Oxunuş sayı: 1720